Portuqaliya milli komandasının müdafiəçisi Ruben Diaş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək qarşılaşmadan öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu sabahkı matçda millimizə qarşı diqqətli olmalarını qeyd edib:

“Sabah çox diqqətli olmalıyıq. Azərbaycan kifayət qədər təhlükəli komandadır və Turində oynadığımız ilk matçda bunu gördük. Oyuna çox ciddi yanaşırıq və qalib gəlmək istəyirik.

Hazırki formamızdan razı deyiləm. Daha yaxşı oyun sərgiləmək istəyirik. Qalib gəlmək vacibdir, lakin bacardığımız qədər çox qol vurub, az top buraxmalıyıq. Bu, bizi məqsədlərimizə daha da yaxın edəcək. Səhvlərimizin üzərində çalışırıq. Bir daha təkrar edirəm ki, Azərbaycan çox təhlükəli komandadır və biz bunu anlayırıq. Əgər konsentrasiyamızı itirsək, problemlər yaşaya bilərik. Azərbaycanla qarşılaşmaya final kimi baxırıq”.