İyunun 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən veloturun bu mərhələsi Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısından başlayıb.
Startdan öncə "Əziz Şuşa" beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin rəhbər şəxsləri və üzvləri, həmçinin yarışın lider idmançıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra yarışa start verilib. İdmançılar Gəncə şəhərində təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra dağ yolları ilə Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət ediblər.
Marşrut boyu idman həvəskarları, yerli sakinlər və turistlər velosipedçiləri alqışlayıb, mötəbər veloturun iştirakçılarına dəstək olublar. Onlar idmançıları qələbəyə səsləyiblər.
Elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı şose velosipedinin qrup ötüşməsi növü üzrə 5 mərhələli veloturun dördüncü yarış günü maraqlı idman mübarizəsi ilə yadda qalıb.
İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Alessandro Monako (02:47:11) mərhələnin qalibi olub. Onun komanda yoldaşı Emanuele Ansaloni (02:47:11) ikinci, Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi (02:47:13) üçüncü yerdə qərarlaşıb.
Azərbaycan milli komandasının üzvü Samir Cəbrayılov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb. O, dağ yollarında yarışı liderlər sırasında davam etdirib. Nəticədə idmançımız dörd mərhələdən sonra veloturun ən yaxşı dağ velosipedçisi olub (15 xal).
Dörd mərhələnin cəminə əsasən, İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni (14:24:06) yarışın lideri, həmçinin ən yaxşı sprinteri (61 xal), Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi (14:24:30) ən yaxşı gənc idmançısı olub.
Bu mərhələnin turnir cədvəlində Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticə Musa Mikayılzadəyə (02:49:02) məxsusdur. İdmançımız 18-ci yerlə kifayətlənib.
Komanda hesabında dörd mərhələnin cəminə görə İtaliyanın “Team Technipes İnemiliaromagna" (43:18:49) klubu birinci yerdə qərarlaşıb.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.
İdmançılara mükafatları Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev, AVF-nin baş katibi Elnarə Musayeva və digər rəsmi şəxslər təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı qatılıb.
İyunun 11-də velosipedçilər Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.