Ötən gün Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ” meydanda FKSB ilə qarşılaşdı.
Offsideplus.az xəbər verir ki, gərgin keçən oyunda Ağdam təmsilçisi 2:3 hesabı ilə məğlub oldu. Oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç saytımıza açıqlama verdi.
“Qarabağ”ın 8 nömrəsi komandasının zəif cəhətlərindən danışaraq, gələcək oyunlarla bağlı fikrini bildirdi:
“Nə deyə bilərəm? Biz maksimumumuzu verdik və düşünürəm ki, pis oynamadıq. Amma qarşımızda çox yaxşı və rəqabətli bir komanda var idi. Onlar oyundan əvvəl turnir cədvəlində yaxşı mövqedə idilər və bura üç xal almaq məqsədi ilə gəlmişdilər. Təəssüf ki, bunu bacardılar. Hesab edirəm ki, standart vəziyyətlər üzərində daha çox işləməliyik. Bu səviyyədə üç qolu belə buraxmaq qəbul edilməzdir. Amma yenə də irəli baxırıq, inkişaf etməyə çalışacağıq. Sonrakı oyun “Olimpiakos"ladır. Həm qalib gəlməyə, həm də yaxşı oyun göstərməyə çalışacağıq.”
FKSB-nin 4 künc zərbəsindən 3-nü qola çevirməsi haqqında isə monteneqrolu futbolçu bunları dedi:
“Onlar ya belə vəziyyətlərdə yaxşıdırlar, ya da biz pisik. Dəqiq nə deyəcəyimi bilmirəm. Fikrimcə, onların hündür oyunçuları var idi. Bu gün üç epizodda da bəxtləri gətirdi və qol vura bildilər. Biz bu sahədə daha yaxşı olmaq üçün çox çalışmalıyıq.”
Yankoviç çempionluq şansları və kubok matçları barədə də fikrini bölüşdü:
“Nə deyə bilərəm? Xal baxımından yaxşı üstünlüyümüz var. Biz çempion olmaq üçün belə davam etməliyik. Çempionluqla yanaşı, kubok uğrunda da mübarizə aparacağıq. Ötən mövsüm olduğu kimi, kuboku da qazanmağa çalışacağıq.”