"Təəssüf ki, ilk matçda məğlub olduq. Öz meydanımızda uduzmağa öyrəşməmişik. Sabah qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq".
Offsideplus.az xəbər verir ki, bunu Yunanıstanın "Olimpiakos" komandasının futbolçusu Usseynu Ba Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"a qarşı oyunundan əvvəl mətbuat konfransında deyib.
"İlk matçdan sonra baş məşqçi bizimlə danışdı. Sabah fərqli səviyyəli futbol göstərəcəyik, aqressiv oynayacağıq, yaxşı nəticə qazanmağa çalışacağıq" - deyə o bildirib.
U.Ba sabah fərqli atmosfer olacağını vurğulayıb: "Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik.
İlk matçda yeni oyunçularımız çox idi. Buna görə də komanda oyunu göstərə bilmədik. İndi vəziyyət fərqlidir. Sabah istədiyimizə nail olacağımıza inanıram".