İnternetdə, sosial şəbəkələrdə Avropa Liqasının Bakıda keçiriləcək "Arsenal" - "Çelsi" finalı üçün "Skybox" biletlərinin astronomik qiymətə satışı ilə bağlı müxtəlif elanlar yayılıb.

Offsideplus.az-ın məlumatına görə, elanlarla həmin biletlərin qiyməti bir nəfər üçün 10 min manatdan başlamaqla, 20-25 min arasında dəyişir. Hətta 10 nəfərlik “Skybox”lar üçün 100-250 min manatdan baha göstərilən elanlara də rast gəlmək olur.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə Qol.az-a açıqlamasında güman etdiyini bildirib ki, bunlar saxta informasiyadır:

"Ümumiyyətlə, həmin "Skybox" biletləri heç vaxt bizdə satışda olmayıb. Bunu UEFA özü həyata keçirir. Bizdə belə bir məlumat var ki, qitə futbol qurumu çox qısa müddət ərzində o biletləri satıb qurtarlıb. İnternetdə yayılan elanlara gəlincə, bunu bir neçə dəfə mən özüm də görmüşəm. Bizdə təəssürat budur ki, onlar saxta informasiyalardır. Hətta guya 500 min manata bilet satışa çıxarıblar".

F Abdullanın sözlərinə görə, əslində bu cür böyük turnirlərdə, belə oyunlarda "qara bazar" olmur: "Qara bazar" bu formada ola bilər ki, kimsə özünə bilet alıb, oyuna gedə bilmir, hardasa durub satır. "Skybox"ların bu qiymətə satışı bir az inandırıcı görünmür. Yarım milyon avroya olan bileti kim alar axı? Bir yaxtanın qiymətidir. Ona görə də belə düşünürük ki, bunlar saxta informasiyalardır".

AFFA rəsmisi biletlərin qiymətlərinin UEFA tərəfindən müəyyənləşdirildiyini, satışa da birbaşa onların nəzarət etdiyini söyləyib: "Çünki final onların oyunudur. Satışı da qurum özü həyata keçirir. Bilirsiniz ki, UEFA biletləri əvvəlcə onlayn olaraq satışa çıxarmışdı. AFFA-nın qurumla danışıqlarından sonra müəyyən sayda bileti Bakıya gətirib, fiziki satışa çıxardılar ki, yerli əhali daha rahat əldə edə bilsin. Yəni, federasiyanın rolu yalnız bundan ibarət olub. Digər məsələlərin heç birini AFFA tənzimləmir. Biz meydan sahibi olaraq, sadəcə, onlara müəyyən şərait yaradırıq. Stadionu veririk, təşkilati işlərdə kömək edirik".

F. Abdulla "Final oyunu üçün neçə bilet satılıb" sualına isə bu cür cavab verib: "Hələ ki, satılan biletlərin sayı barədə dəqiq məlumat yoxdur. Çünki UEFA tərəfindən həm onlayn, həm də fiziki satış həyata keçirilir. Ona görə də dəqiq statistika yoxdur. Yəqin ki, bu gün və ya sabah rəsmi məlumat olacaq".

Qol.az saytına daxil olan özəl xəbərə görə isə bir neçə imkanlı iş adamı 10 nəfərlik “Skybox”lar üçün ən azı 100 min manat, bəziləri isə bir bilet üçün 10-20 min manat ödəməyə hazır oldularını deyiblər. Amma bildirilir ki, “Skybox”lar üçün yerlər bir müddət əvvəl satılıb qurtarıb.

“Skybox” nədir?

Stadionlarda futbola baxmaq üçün ayrıca xüsusi otaqlardır. Otaqlarda tamaşaçılara pulsuz yemək, spirtli və spirtsiz içkilər təklif olunur. Onlara xüsusi ofisiantlar xidmət göstərir. Hər “Skybox”da tualet, kondisioner var, pulsuz Wi-fi ilə təmin olunub.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla saat 23:00-da başlayacaq. (qol.az)