Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu səfərdə 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra öz fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib və növbəti rəqib barədə danışıb:
"Olduqca yaxşı oyun nümayiş etdirdik. Çətin və uzun yol qət etməyimizə baxmayaraq, bu səfərdən qalibiyyətlə dönmək bizim üçün olduqca əhəmiyyətli idi. İki qarşılaşmanın cəmində rəqib qapısından 6 top keçirib, öz qapımızı toxunulmaz saxlamağımız çox gözəl nəticədir. Bu münasibətlə bütün futbolçularımı ürəkdən təbrik edirəm. Artıq növbəti mərhələdə bizi "CSKA" ilə çətin oyunlar gözləyir. Sabahdan etibarən Bolqarıstan təmsilçisini təhlil etməyə başlayacağıq. Rəqibə qarşı ən yaxşı şəkildə hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. İnanıram ki, növbəti matça qədər komandamız daha optimal forma yığmağı bacaracaq.
Fürsətdən istifadə edib, avrokuboklarda növbəti mərhələyə vəsiqə qazanan digər klublarımız "Sabah" və "Zirə"ni də təbrik edirəm. Azərbaycan təmsilçilərinin keçirdiyi 6 oyunun hamısında qələbə qazanması ölkə reytinqində əmsalımızın artması baxımından əla göstəricidir".


