Dünən Avropa Çempionatında 1/8 final mərhələsinə yekun vuruldu.
Son oyun günü Niderland Rumınyanı (3:0), Türkiyə isə Avstriyanı (2:1) məğlub etməyi bacardı. Artıq 1/4 finalın bütün cütləri məlumdur. Mərhələyə iyulun 5-də 2 oyunla start veriləcək. İlk görüşdə meydan sahibi Almaniya İspaniya futbolçularını sınağa çəkəcək. Günün digər matçında isə Portuqaliya Fransa ilə münasibətlərə aydınlıq gətirəcək. Yarımfinalın bütün iştirakçılarının adına iyulun 6-da aydınlıq gələcək. Həmin gün Niderland Türkiyəni, İngiltərə isə İsveçrəni məğlub etməyə çalışacaq.
İspaniya - Almaniya
Meydan sahibi Almaniya İsveçrə, Macarıstan və Şotlandiya ilə A qrupunda mübarizə aparırdı. Turnirin favoritlərindən sayılan komanda Şotlandiya və Macarıstanı məğlub etməyi bacarsa da, İsveçrə ilə "sülh"ə razı oldu. 7 xalla 1/8 finala yüksələn Nagelsmannın kollektivi bu mərhələdə Danimarkanı 2:0 hesabı ilə məğlub etməyi bacardı.
İspaniya isə turnirə B qrupunda start vermişdi. İtaliya, Xorvatiya və Albaniya ilə qarşılaşan "La Funta" maksimum nəticə ilə 1/8 finala yüksəlməyi bacardı. Luis de la Fuentenin başçılıq etdiyi kollektiv AÇ-2024-ün qrup mərhələsində 9 xal toplamağı bacaran yeganə milli oldu. "Ölüm qrupu"ndan zəfər çalaraq pley-offa yüksələn milli bu mərhələdə turnirin debutantı gürcülərə "stop" dedi. Qərb qonşumuz üçün Avropa nağılı 1:4 hesablı məğlubiyyətlə başa çatdı.
İspaniya və Almaniya yığmaları ümumilikdə 26 dəfə üz-üzə gəliblər. Bu matçların 9-da “panzerlər” qələbəyə sevindiyi halda, 8 görüşdə meydanı əliboş tərk ediblər. 9 qarşılaşmada isə qalib müəyyənləşməyib. Sözügedən kollektivlərin son 5 rəsmi matçında 3 dəfə prineylilər qələbəyə sevinib, 2 oyunda isə bərabərlik qeydə alınıb.
Portuqaliya - Fransa
Türkiyə, Gürcüstan və Çexiya ilə eyni qrupda mübarizə aparan portuqallar 3 oyundan 6 xal toplayaraq birinci yer kimi 1/8 finala yüksəldilər. "Ay-ulduzlular"ı və çexləri məğlub edən Roberto Martinesin komandası gözlənilmədən turnirin debütantı Gürcüstana məğlub oldu. Pireney təmsilçisi üçün 1/8 final matçı da asan keçmədi. Belə ki, komanda Sloveniyanı yalnız əlavə vaxtda məğlub edərək Fransaya rəqib oldu.
“Xoruzlar” isə gözlənildiyi kimi baxımlı oyun sərgiləmir. Avstriya, Niderland və Polşa ilə qarşılaşmalardan 5 xal toplayaraq qrupda ikinci olan Deşamın kollektivi 1/8 final mərhələsində Belçikanı çətinliklə məğlub etməyi bacardı.
Sözügedən komandalar indiyə qədər ümumilikdə 28 dəfə qarşılaşıblar. Bu matçların 19-da fransızlar qələbəyə sevinib. 6 matçda meydanı qalibiyyətlə tərk edən portuqallar 3 qarşılaşmanı da "sülh"lə başa vurublar.
Niderland - Türkiyə
“Narıncılar” turnirə Polşa üzərində qələbə ilə başladı. Fransa ilə heç-heçə edən niderlandlılar son görüşdə Avstriyaya məğlub olub. Ən yaxşı qrup üçüncüsü kimi pley-offa yüksələn komanda 1/8 finalda Rumınyanı əliboş yola salıb.
Qardaş ölkə isə qrup ikincisi kimi 1/8 finala yüksəldi. Montellanın komandası qrupda Gürcüstan və Çexiyanı üstələsə də, Portuqaliya ilə bacarmadı. 1/8 finalda isə güclü Avstriyanı 2:1 hesablı məğlub edən komandanı yarımfinal yolunda Niderland gözləyir. "Ay-ulduzlular" tarixlərində ikinci dəfə ən güclü 4 kollektiv arasında yer almağa çalışacaq.
Komandalar indiyə qədər 14 dəfə qarşılaşıblar. 6 oyunda qələbəyə sevinən niderlandlılar, 4 matçda da məğlubiyyətə üzülüb. Komandalar arasında eyni sayda da bərabərlik qeydə alınıb.
İngiltərə - İsevçrə
Avropa Çempionatının əsas favoriti hesab edilən britaniyalılar çıxışı ilə bir çox azarkeşləri təəccübləndirdi. 1 qələbə və 2 heç-heçə ilə qrup lideri olan komandanın keyfiyyətli oyun sərgilədiyini söyləmək olmaz. "The Three Lions" qitə yarışının 1/8 finalında Slovakiyanı üstələməyi bacardı. Turnirin ən gənc baş məşqçisi adına sahib olan Qaret Sautqeytin komandasını növbəti mərhələdə İsveçrə sınağı gözləyir.
“Bankirlər” isə meydan sahibi Almaniya ilə yanaşı, Macarıstan və Şotlandiya ilə mübarizə aparırdı. 3 oyuna 5 xal toplayan Murak Yakının kollektivi 1/8 final mərhələsində son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırmaqla bir çoxlarını təəccübləndirdi.
İndiyə qədər bütün oyunlar nəzərə alınmaqla 27 dəfə qarşılaşan kollektivlər arasında üstünlük ingilislərdədir. 19 dəfə rəqibi əliboş yola salan komanda 3 matçda da məğlubiyyətə üzülüb. İsveçrə son dəfə 1980-ci ildə ingilisləri məğlub edə bilib. Komandalar arasındakı son 5 qarşılaşmanın hər birində isveçrəlilər meydanı məğlub tərk edib.