AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsveç matçını isveçrəli qadın referi Ester Ştaubli idarə edəcək.
Offsideplus.az xəbər verir ki, ona Yonas Erni və Syuzanna Kyunq yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək.
Oyunun baş hakimi 44 yaşlı Ester Ştaubli isveçrəlidir, 2006-cı ildən beynəlxalq FIFA referiləri siyahısındadır. O 2015-ci ildə qadınlar üzrə Çempionlar Liqası finalını idarə edib, 2015-ci ildə qadınlararası FIFA Dünya Kuboku oyunlarının baş hakimi olub.
O, U-17 kişilər üzrə Dünya Kuboku matçını idarə edən ilk qadın hakimdir (2017).
Qeyd edək ki, matç noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.