Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2020-nin finalı ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, “Super Express” nəşrinə danışan mütəxəssis finalda qarşılaşacaq İngiltərə və İtaliya millilərinin şanslarını dəyərləndirib:
“Turnir başlamamışdan əvvəl Belçika, İtaliya və İngiltərənin qızıl medal uğrunda mübarizə aparacağını proqnozlaşdırırdım. Təxminlərim doğru oldu. Fransa isə məni təəccübləndirdi. Finalda oynayacaq komandaların ağır matçlardan sonra istirahət üçün vaxtları oldu. Fikrimcə, finalda İtaliya qalib gələcək. Onlar İspaniya ilə yarımfinal matçında çox əziyyət çəkdilər, amma komandaya görə narahat deyildim. İtaliya millisinin gənc heyəti var. Həmin futbolçular hələ inkişaf edəcəklər. Millidə hər kəs bir-birini yaxşı anlayır”.