FIFA-nın prezidenti Canni İnfantino Avro-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə oyununu izləyəndən sonra təəssüratlarını bölüşüb.
Offsideplus.az AFFA-nın rəsmi satına istinadən xəbər verir ki, 51 yaşlı funksioner bu sözləri deyib:
“Yenidən Bakıya gəldiyim və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı dostlarımı gördüyüm üçün çox şadam. Uzun illərdir tanıdığım AFFA-nın prezidenti Rövnəq Abdullayevlə və onun rəhbərlik etdiyi komandanın üzvləri ilə ünsiyyətdə olmaqdan hər zaman məmnunluq hissi keçirirəm. Bir neçə maraqlı mövzu ətrafında səmərəli müzakirələrimiz oldu. AFFA hər zaman FIFA-nın dəstəyinə əmin ola bilər, FIFA isə AFFA-nın gələcəkdə də Azərbaycanda və regionda futbolun inkişafına böyük töhfələr verəcəyinə inanır. Ümid edirəm ki, Azərbaycana növbəti səfərim daha uzunmüddətli olacaq. Yaxın gələcəkdə Bakıya yenidən dönəcəyim günü səbirsizliklə gözləyəcəyəm”.