Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis sabahkı görüşlə bağlı bunları deyib:

“Azərbaycan xalqına bizi isti qarşıladıqlarına görə təşəkkür edirik. Burada öz evimizdəki kimiyik. Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu da çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik. Problemlərdən danışmaq əvəzinə həll yollarını tapmalıyıq. Hələ qrupdan çıxmaq şansımız var".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq.