AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin Bakıda keçiriləcək oyunları barədə xarici mətbuata açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Sunsport" nəşrinə danışan Məmmədov, azərbaycanlı azarkeşlər Avro-2020-nin matçlarında Türkiyə millisini dəstəkləyəcəyini bildirib:
“İştirakçı ölkələrin azarkeşləri Bakıya uçaraq komandalarına dəstək ola bilməlidirlər. Bu, çox vacibdir. Azarkeşlər Bakıya gəlmək üçün matç bileti təqdim edərək və ya əvvəlcədən onlayn viza ala bilərlər. Azərbaycanlı azarkeşlər Türkiyə millisini dəstəkləyəcək. Demək olar ki, eyni dildə danışırıq, ortaq bir tarixə sahibik. Türkiyə də bizim bölgəmizdir. Hər gün Bakıdan İstanbula altı-yeddi uçuş olur. Yerli sakinlərin çoxu Türkiyəni dəstəkləyəcəklər. İsveçrə - Uels oyununa gəlincə, düşünürəm ki, yerli sakinlər sosial şəbəkələrdə daha aktiv olan tərəfə azarkeşlik edəcəklər".
E.Məmmədov söyləyib ki, Avropa çempionatı əsl futbol bayramdır: "Çünki iki-üç günlük səyahət deyil. Uels millisi burada digər komandalardan daha uzun müddət qalacaq və 17 iyun ölkəni tərk edəcək.
O, Azərbaycanın "Odlar Yurdu" adlandırılmasına da münasibət bildirib: "15 - 16 əsr əvvəl burada oda sitayiş edən dini icmalar olub. Atəş məbədlərini də məhz həmin möminlər tikib".
E.Məmmədov deyib ki, Azərbaycan daha uzun böyük turnirlərə ev sahibliyi etməkdənsə, onlara vəsiqə qazanmaq istəyir: “Bu, bizim və mənim şəxsi arzumdur. İndiyə qədər fərdi idman ölkəsiydik. Güləş, cüdo, karate, şahmat və hakimlik...1966-cı ildə İngiltərənin dünya çempionluğunu qazanmasında rolu olan və sizin "rusiyalı yan xətt hakimi" adlandırdığınız Tofiq Bəhramov əslində azərbaycanlıdır. Onun nəvəsi son vaxtlaradək AFFA-da bizimlə işləyirdi.
AFFA-nın icraçı vitse-prezidenti seçmə mərhələdə uğurlu çıxış etmək istədiklərini və bunun üçün çalışdıqlarını vurğulayıb: "Avropa Liqasının qrup mərhələsində oynayan üç klub - "Qarabağ", "Neftçi" və "Qəbələ"nin uğurları ilə təməlləri atırıq. Buna görə ümid edirəm ki, tezliklə milli komandamızı Avropa çempionatında görəcəyik".