Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO 2020 ilə bağlı təşkil edilən mətbuat konfransında turnirdəki oyunları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, "ay ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alıblar. 67 yaşlı mütəxəssisin sözlərinə görə, turnirin açılış matçının İtaliya və Türkiyə arasında olması onlar üçün böyük şansdır: “Ölkəmizin tanıtımı üçün çox önəmlidir. Bakıya, sonra Romaya gedib təlim-məşq toplanışı üçün yerlər seçəcəyik. İki həlledici oyunumuz var. İtaliya ayrı bir matçdır – udarıq, ya uduzarıq. 2002-ci ildə ilk oyunumuzu Braziliyaya qarşı keçirmişdik. Hər halda bunu düzüb-qoşurlar. Digər iki görüşdə hər şey dəyişə bilər. Onsuz da 6 xal qazanan komanda qrupdan çıxır. Hədəfimiz final oynamaqdır. Üzərimizə böyük iş düşür. Bakı ilə bağlı onu deyə bilərəm ki, tək millət, iki dövlətik - bu, yeni bir şey deyil. Biz onsuz da onlarla iç-içəyik. Bakıda Azərbaycanı və özümüzü təmsil edəcəyik”.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar