Türkiyə millisi İslandiya ilə heç-heçə etməklə Avropa çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Şenol Günəş oyun sonrası açıqlamasında bu uğurun təsadüfi olmadığını bildirib:
"Hədəfə çatmaq çox önəmli idi. Avropa çempionatına yollanmaq xəyalımız idi. Bunu ölkə olaraq, reallaşdırmaq istəyirdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə isə minnətdaram. Eyni duyğu və düşüncəni paylaşan millət kimi bir araya gəlmək istədik. Qalib gəlmədik, ilk dəfə qol vura bilmədik, ancaq final mərhələsinə yollanmağı çox istəyirdik. İslandiya fiziki gücündən istifadə edərək, təzyiq göstərmək istədi. İlk hissədə yaxşı oynadılar. Daha sonra sərtliyə cavab verdik. İkinci hissədə yaxşı çıxış elədik. Bu gündən etibarən Avropa çempionatında uğurlu çıxış etmək üçün çalışacağıq. Avropa və dünya çempionatlarına qatılmaq üçün birlikdə düşünməliyik. İnşallah, uğurların davamı gələr. Bu, mənim deyil, hamımızın komandasıdır. Ona görə də birlikdə danışmalıyıq. Xəyallarımız çoxdur, amma bunları tək mənim realladırmağım mümkünsüzdür. Yeni futbolçuların irəli getməsi üçün indiki oyunçularla hədəfimiz olmalıdır. Təsadüflə irəli getmək olmaz. Artıq nələr edəcəyimizi danışmalıyıq. Sadəcə, bütün işləri mənə buraxsanız, səhv etmiş olarsınız. Hər birimiz birlikdə çalışmalıyıq".
Xatırladaq ki, İstanbuldadakı "Türk Telekom Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Bu nəticədən sonra xallarını 20-yə çatdıran Şenol Günəşin baş məşqçi olduğu kollektiv qrupda ilk 2 pillədən birini təmin edib.