“Sabah ilk növbədə intizamlı oynamalı, oyuna ciddi yanaşmalıyıq. Slovakiyaya qarşı oyundakı kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdır. Xalsız olması rəqibin zəif olmasından xəbər vermir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisi ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis millimizin asan rəqib olmadığını bildirib: "Oyunçularla çox söhbət etmişik, bunu sabah da davam etdirəcəyik. Azərbaycan yaxşı komandadır. Oyuna uğurlu başlamalıyıq. Əks halda çox çətinlik çəkəcəyik. Son oyunla müqayisədə çox dəyişiklik etməyəcəyik. Olsa belə, çox az olacaq.
Komanda olaraq məqsədimizi bilirik. Hədəf final mərhələsinə vəsiqə qazanmaqdır. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, bu hədəfə çatmaq üçün kifayət edəcək. Bütün diqqətimiz sabahkı oyunadır№.
Daliç heyətdəki itkilərin komandaya çox təsir etmədiyini də əlavə edib: "Bratislavada da bəzi itkilərimiz var idi. Əlimizdəki heyətlə matça köklənməliyik".