Bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi start götürüb.
Offsideplus.az xəbər verir ki, turnirin ilk günündə rapid üzrə üç tur oynanılıb. 37 yaşlı qrossmeysterimiz ilk matçını ağ fiqurlarla niderlandlı Yorden Van Foreestə qarşı keçirib və 36-cı gedişdə rəqibinə məğlub olub. Ardınca "qaralar"la xorvatiyalı İvan Sariçlə "sülh bağlayan" Məmmədyarov günün son görüşündə FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. "Ağlar"la oynayan Şəhriyar İddiaçılar Turnirinin qalibini qarşılaşmanın 42-ci gedişində təslim edib.
Bu nəticələrdən sonra şahmatçımız 4 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Turnirdə həmçinin Maqnus Karlsen (Norveç), Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Uesli So, Lenyer Dominqes (hər ikisi ABŞ) və Veselin Topalov (Bolqarıstan) qələbə uğrunda yarışırlar.
Yarış iyulun 24-dək davam edəcək. İlk üç gündə şahmatçılar rapid, daha sonra isə blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələnin yekuna əsasən müəyyənləşəcək.