Şahmatçımız Teymur Rəcəbov İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı qrossmeyster VI turda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Matç 40-cı gedişdə heç-heçə yekunlaşıb.
Teymur I, III, lV, V turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda və çinli Dinq Liren ilə "sülh"ə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 2,5 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider 3,5 xala sahib Yan Nepomnyaşidir.
Nəzərinizə çatdıraq ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.