Beynəlxalq qrossmeyster Teymur Rəcəbovun İddiaçılar turnirində iştirak etməyəcəyi barədə məlumat vermişdik.

Offsideplus.az xəbər verir ki, FİDE şahmatçımızın şəxsi səbəblərə görə turnirdə çıxış etməcəyini açıqlayıb.

Şahmat Federasiyasının Mətbuat Xidmətindən Offsideplus.az-a verilən məlumata görə, şahmatçı rəsmi bəyanat yayıb:

“2020-ci ilin martın 15-dən aprelin 5-nə kimi mən Rusiyanın Yekaterinburq şəhərində keçirilələcək şahmat üzrə dünya çempionu adına namizədlərin yarışında iştirak etməli idim. Bildiyiniz kimi, hal-hazırda dünyada koronavirus epidemiyası artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ən yüksək səviyyəsini elan edib – qırmızı rəng. Dünyada bir çox yarışlar və mühüm tədbirlər ləğv olunur və ya gedişatdan asılı olaraq daha gec tarixlərə təxirə salınır. Beynəlxalq şahmat federasiyası olan FİDE bir sıra profilaktik işlər reallaşdırıb. Amma heç də hamısını etməyib. Bildirilmişdir ki, çin şahmatçıları və onları müşahidə edən şəxslər Rusiya ərazisində 14 gün ərzində karantində olacaqlar. Çin şahmatçılarında biri, məşqçi və deleqasiya üzvləri həqiqətən karantinə yerləşdirildilər. Lakin Çindən olan ikinci iştirakçı karantindən keçməyəcək və koronavirus epidemiyasının gün-bə-gün artdığı ölkədən birbaşa yarışın başlanğıcına yaxın gələcək. Bundan başqa, FİDE tərəfindən heç bir açıqlama verilmir ki, turnir necə keçəcək. Əgər hansısa iştirakçıda və ya onunla kontaktda olan məşqçidə, yaxud müşahidə edən şəxsdə, müsahibə götürən jurnalistdə və ya hakimdə soyuqdəymə ya VKRİ əlamətləri olsa, ya da Allah göstərməsin koronavirus aşkar olunsa, necə olacaq? İştirakçılar karantinə yerləşdiriləcəklərmi? Koronavirusun olub olmadığını müəyyən etmək üçün müayinə və analizlərə nə qədər vaxt sərf olunacaq? İddiaçılar turniri 22 gün ərzində keçən 14 turdan ibarət şahmat marafonudur. Heç kim açıqlamır yarış dünyadakı epidemiya şəraitində neçə keçiriləcək, virusun və VKRİ-nin aşkar olunacağı halda yoluxmuş iştirakçı və hakimə qarşı hansı addımlar atılacaq. Bütün bu məqamların çətinliyini nəzərə alaraq, mən FİDE-yə bu yarışı daha gec bir tarixə təxirə salmaq təklifi ilə müraciət etdim. Bu təklifə rədd cavabı aldım. Yuxarıda sıraladıqlarıma görə mən hesab etdim ki, bütün bu şərait İddiaçılar turnirində iştirak üçün mütləq sayılan maksimal oyun səviyyəsi üçün lazım olan konsentrasiya və əhvala ciddi təsir edə bilər. Bu, sağlamlığı təhlükə altına salır. Nəticədə məni digər iştirakçı ilə əvəz etdilər”.