Offsideplus.az-ın “Xanım idmançılar” layihəsinin növbəti qonağı şahmatçı Xanım Balacayevadır.

Gənc idmançı suallarımızı cavablandırarkən karyerası ərzində üzləşdiyi çətinliklərdən və ailəsinin ona dəstəyi barədə danışıb, uğurları, təhsilə marağından bəhs edib.

Özünüzü oxucularımıza təqdim edərdiniz...

- Xanım Balacayeva. Şahmat üzrə qadınlardan ibarət milli komandanın üzvüyəm, beynəlxalq qrossmeysterəm.

Neçə ildir ki, şahmatla məşğul olursunuz?

- 6 yaşımdan bəri şahmat oynayıram. 12 ildir ki, profesional şəkildə bu işlə məşğulam.

Necə qərara gəldiniz ki, şahmatçı olmaq istəyirsiniz?

- Anam və atam şahmat müəllimləridirlər. Onların marağı və istəyi ilə bu işlə məşğul olmuşam. Daha sonra şahmata öz sevgim yarandı. Bundan sonra qərar verdim ki, professional şəkildə bu işlə məşğul olum.

Yarışlarda iştirak edəndə həyacanlanırsınızmı ?

- Yaşım az olanda daha çox həyacanlanırdım. Oyundan oyuna bu özümü püxtələşdirirəm. Böyüdükcə qorxu hissi keçir və normal hal alır. Rəqib səhv edəndə öz içimdə sevinərəm ki, artıq qələbəyə az qalıb.

Belə hiss etdiyin görüşlərin çox olub?

 - Gərgin vəziyyətlərdə rəqibin səhvi məni daha çox sevindirir. Hər şey bərabərliyə doğru gedir və qarşı tərəf yanlış gediş edir. Bu an özümü çox xoşbəxt hiss edirəm.

Bütün dünyada belə bir fikir formalaşıb ki, Azərbaycan şahmat ölkəsidir. Özünü “Şahmat Ölkəsi”nin nümayəndəsi kimi hiss edirsənmi?

- Azərbaycanda digər idman növləri də inkişaf edib. Cüdo, güləş, karate bunlara misal ola bilər. Şahmat da həmin idman növlərindən biridir. Mən də millinin üzvü oluraq çalışıram ki, daha da böyük uğurlar əldə edək. Sonuncu dəfə 27 il öncə Avropa Çempionatında medal qazanmışdıq. Bu il yenə həmin uğuru təkrarladıq. Bu uğuru qazanmaq çox çətin idi. Bundan sonra mən də hiss elədim ki, Azərbaycan şahmat ölkəsidir.

Şahmatdan başqa hansı idman növlərinə maraq göstərirsiniz?

- Əsasən voleybol. Şahmatdan sonra ən çox sevdiyim idman növü budur. Azərbaycan millisinin, klubların, hətta çempionat oyunlarını belə izləyirəm.

Voleybolla profesional məşğul olmusunuz?

- Bir müddət məşqlərinə getdim. Sonradan dayandırıb şahmatla məşğul oldum. Şahmatçı olmasaydım, yəqin ki, voleybolçu olacaqdım.

Şahmat digər idman növlərinə görə digərlərindən fərqlənir. Burada zehni qabiliyyət daha önəmlidir. Digər idman növlərində isə fiziki güc daha önəm daşıyır. Bu faktları nəzərə alıb özünüzü idmançı kimi hiss edirsiniz?

- Biz həm zehni, həm də fiziki yoruluruq. Elə olur ki, oyunların 6-7 saat çəkir. Bu özü fiziki hazırlıq tələb edir. Buna görə, özümün də idmançı olduğunu düşünürəm.

İndiyə kimi qarşılaşdığın ən çətin rəqib kim olub?

- Bu haqda düşünməmişəm. Hər rəqib çətindir.

Hansı rəqibi məğlub etməyiniz sizi xüsusi sevindirib?

- Ermənilərlə oyunda Günay qələbə qazanmışdı. Bizə heç-heçə də sərf edirdi. Digər görüşlərdə bərabərliyə razı olduq ki, sonda qalib gələk. Həmin ümumi qələbə məni çox sevindirmişdi.

Ermənilərlə qarşılaşacağınızı biləndə nə hisslər keçirdiniz?

- Səhərə kimi oyuna hazırlaşmışdıq. Çünki son oyunumuz idi. Yer tutmaq üçün xal qazanmalı idik. Bunu da bacardıq. Hamımız çox sevinirdik.

18 yaşınız var və əsas millidə çıxış edirsiniz. Təcrübəli idmançılarla qarşılaşanda yaş fərqi sizə təsir edirmi?

- Yığmanın üzvü olduğum üçün bu amil mənə təsir edir. Bütün yaş qrupu üzrə idmançılar bir yerdə çıxış edir. Təcrübəli şahmatçılarla qarşılaşmaq biraz çətinlik yaradır. Zehni gücdən əsas amil olsa da, təcrübə bəzən öz sözünü deyir.

Hansısa təcrübəli şahmatçının qarşısında çıxılmaz vəziyyətdə qalmısınızmı?

- Şahmat Olimpiyadasında yenə ermənilərlə qarşılaşırdıq. Digər görüşlərə baxdım ki, komanda yoldaşlarım heç-heçə edir. Öz-özümə fikirləşdim ki, risk eləsəm, qalib gələ bilərəm. Gedişlərin birində səhvə yol verdim. Uduzacağımı düşünürdüm. Bu çıxılmaz vəziyyətdə qurtulmaq üçün öz vəzirimi qurban verdim və sonda özümü də, komandamı da məğlubiyyətdən xilas etdim. Bu vəziyyətdən bütün dünya mediası bəhs etdi. Olimpiyadanın qızıl medalına sahib oldum. Bu, karyeramın ən böyük uğurudur. Həmin vaxt 17 yaşım var idi.

Azərbaycanlı kişi şahmatçıların, qadınlardan daha üstün olduğunu düşünürsənmi?

- Bəylərin uğurlar daha çoxdur. Bunu dana bilmərik. Lakin qadınların şahmatda inkişaf etməsi daha çətin prosesdir.

Xanım qadınlar arasında özünü Şəhriyar Məmmədov kimi hiss edirmi?

- Mən elə balaca Xanım olaraq qalmağa çalışıram. Belə də davam etməyə çalışıram. Əlimdən gələni edirəm ki, daha da güclənim.

Milli komandakı məşqçilər diqqətini üzərində hiss edirsənmi?

- Bizimlə Fikrət Sideifzadə məşğul olur. O, hamıya eyni qayğını göstərir. Əlavə köməklər lazım olanda edir.

Belə bir deyim var ki, qadınlar olan yerdə paxıllıq da var. Milli komandada bunu hiss etmisənmi?

- Bizdə komanda bir olduqda daha yaxşı nəticələr əldə edirik. Bütün komanda yoldaşlarımın mənimlə və bir-biri ilə çox yaxşı münasibətləri var. Öz aramızda sadəcə rəqabət var, paxıllıq yox. Qarşıdakı Azərbaycan Çempionatı bunun sübutu olacaq.

Yarışlar arasında hər hansısa fərq qoyursunuzmu? Sizcə, Şahmat üzrə Azərbaycan Çempionatı, yoxsa Beynəlxalq turnirlər?

- Ölkə kuboku bəlkə də bizim ən vacib yarışımızdır. Burada həm əmsallarını qorumaq, həm də milli komandada çıxış etmək üçün yaxşı mübarizə aparmalısan. Beynəlxalq turnirlərdə də rəqiblər eyni səviyyədə olur, amma Azərbaycan Çempionatı daha vacibdir.

Yəni “Şahmat ölkə”sinin öz çempionatı beynəlxalq turnirlərdən daha üstündür?

- Xanımlar arasındakı rəqabət bunun bariz sübutudur. Öz milli çempionatımız daha gərgin keçir. Lakin ən maraqlı turnirlər komanda halında millinin görüşləri zamanı olur.

Hansıda daha rahat olursan? Komanda şəkilində mübarizə apararkən, yoxsa fərdi?

- Yığmada Azərbaycan üçün oynayırıq. Burada özümüzə inam daha çox olur. Daha artıq dəstək hiss edirik. Bu səbəbdən də komanda şəkilində mübarizə daha yaxşıdır.

Şahmatın ali təhsil almağınıza təsir etməyib ki?

- Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında 3-cü kursda oxuyuram. Şahmat elə bir idman növüdür ki, gərək onunla gün ərzində 6-7 saat məşğul olasan. Bu səbəbdən də başqa sahəyə yönlənmək biraz çətindir. Düzdür, əlavə dillər öyrənirəm. Tam təhsillə maraqlanmağa isə vaxt imkan vermir.

“Güclü şahmatçı, güclü riyaziyyatçıdır” deyimi həqiqətdirmi?

- Bu, insanın təməlindən asılıdır. Məsələn, yarışlarla əlaqədar olaraq məktəbə tam gedə bilməmişəm. Amma tam deməzdim ki, güclü şahmatçı, güclü riyaziyyatçıdır. Amma ümumi düşünmə tələb edir. Məntiqi gedişlər qurmaq üçün riyaziyyatı da bilmək lazımdır.

Hansı xarici dili bilirsiniz?

- İngiliscə danışa bilirəm. Tam profesional olmasa da, yarışlardan sonra müsahibə vermək üçün istifadə edə bilirəm.

Daha təcrübəli şahmatçılardan dəstək görürsünüzmü?

- Komandamızın üzvləri bir-biri ilə çox mehribandır. Məsələn, Zeynəb Məmmədova deputatlığa namizəddir. Burada ona uğurlar arzu edirəm.

Komanda yoldaşlarımın hamısı mənə böyük bacı kimidirlər. Gülnar Məmmədyarova mənim müəlliməmdir. Universitetdə mənə dərs keçir, şahmatda komanda yoldaşımdır.

Sizcə Azərbaycan şahmatçı olmağa dəyər?

- Əlbəttə ki, bəli. Bütün qızlarımız özlərinə güvənsinlər. 1-2 il çətinlik çəkərlər, amma özlərinə inan olarsa, mütləq uğur əldə edəcəklər. Şahmatçı olmaq üçün Azərbaycanda hər cür şərait var. Digər idman növlərinə nisbətdə biz daha şanslıyıq. Çünki burada həm ailən dəstək olur, həm də çoxları sənə inanır.

 

Xanım 10

Xanım 1

Xanım 2

Xanım 3

Xanım 5

Xanım 6

Xanım 7

Xanım 8

Xanım 9

 

 

Sultan SoY