"Yuventus"un iyul ayında heyətinə qatdığı Kenan Yıldız nəhəng klubların təklifini geri çevirib.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 17 yaşlı hücumameyilli yarımmüdafiəçi 2012-ci ildən çıxış etdiyi "Bavariya" ilə müqavilə imzalamaqdan imtina edib. Bundan əlavə, türk oyunçu ilə yaxından maraqlanan "Barselona" da Yıldızı heyətinə qata bilməyib.
"Yuventus"la 2025-ci ilədək müqavilə bağlayan Kenan "Qoca Sinyora"ya qatılmaq üçün ona edilən bütün təkliflərə rədd cavabı verib.
Ötən mövsüm fərqli yaş kateqoriyalarında "Bavariya" ilə çıxdığı 20 oyunda gənc futbolçu 6 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 21 yaşdan aşağı futbolçulara verilən "Qızıl oğlan" ("Golden Boy") mükafatına namizədlər arasındadır. Bu mükafat daha öncə Pedri, Erlinq Haaland, Joao Feliks və Kilian Mbappe kimi gənc ulduzlara verilib.