“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Keşlə”ylə qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə 6:1 hesabıyla qalib gəldikləri matçı dəyərləndirib.
- Yaxşı oyunla vacib qələbə qazandıq. Düzdür, çətinliklərimiz oldu. 90 dəqiqə eyni tempi qoyurub saxlaya bilmərik. Rəqib bəzi epizodlarda istəkli idi. Futbolçular səbr və düzgün oyun intizamıyla mübarizə apardılar. Ağır səfərdən sonra futbolçularda yorğunluq var idi. Futbolçularım layiqli qələbə qazandılar.
- Bu qələbəylə psixoloji yorğunluğu üzərinizdən ata biləcəksiniz?
- Hər bir qələbə futbolçulara və mənə böyük inam, istək verir. Psixoloji maneəni aşmaq üçün qələbələr lazım olur. Avroliqadakı məğlubiyyətdən sonra futbolçular üzgün idi. Məşq etməyə də çox vaxtımız olmadı. Bu gün oyundan əvvəl də futbolçularla söhbətim oldu. Həqiqətən, qələbə bizim üçün çox vacib idi. Avroliqa oyunlarında psixoloji problem olur. Nə qədər hər şey qaydasındadır desəm də, yenə də futbolçuların fikirləri qarışıq idi.
- “Sivasspor”la qarşıdakı Avroliqa oyununa istədiyiniz heyətlə çıxa biləcəksiniz? Çünki bu gün matçdan əvvəl Xayme Romero da zədələnib...
- Xayme isinmə hərəkətləri zamanı əzələsində ağrılar hiss etdi və biz də risk etmədik. Sabah MRT münayinədinsən sonra vəziyyətini daha dəqiq bilinəcək. Zədəlilər sağalsa da, optimal formalarını bərpa etmək çətin olur. Belə davam etsə, 2-3 oyundan sonra futbolçular daha hazır olacaqlar. Zədəlilərin qayıtması məni sevindirir, əlimdə futbolçu ehtiyatı artacaq. “Sivasspor”un önünə daha hazır futbolçularla çıxacağıq.
- Emil Balayev hələ də özünü tam göstərə bilmir, səhvləriylə yadda qalır. İlk qolda da ona ciddi narazılığını bildirdiniz. Qapıçınıza nə mane olur?
- Qol buraxdığına görə yox, hücumu başladığı üçün əsəbləşdim. Futbolçular mövqelərində tam yerləşməmiş oyunu başlatdı. Belə hallarda daha təcrübəli olmaq lazımdır. Ümumi götürsək, 90 dəqiqə özünü yaxşı göstərdi. Tək Emilə yox, 1-2 futbolçuya da etirazımı bildirdim. Düşünürəm ki, bunların faydası olacaq. O qol epizodunun da faydası oldu.



