Sabah "Viktoriya" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə cavab oyunu baş tutacaq.
Offsideplus.az xəbər verir ki, Plzen təmsilçisinin futbolçusu Lüdek Pernitsa "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
31 yaşlı müdafiəçi Ağdam təmsilçisinin müdafiə xəttində bəzi səhvlər buraxdığını diqqətə çatdırıb:
"Müdafiə xəttində zəif yerləri var. İlk oyunda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərə diqqət yetirəcəyik. Bu, oyunun əsas açarlarından biri ola bilər. Standart vəziyyətlər bizim gücümüzdür. Lukaş Heyda oynasa belə, bizə çətin olacaq. Təbii ki, o, bizim kapitanımızdır və yoxluğu daha ciddi itkidir. Amma inandığımız başqa keyfiyyətli oyunçularımız var".
Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.