Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq “Qarabağ”ın Çexiyaya gedəcəyi tarix müəyyənləşib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi avqustun 22-də Plzen şəhərinə gedəcək.
Komandanı Praqaya aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
Avqustun 22-si Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə matçın keçiriləcəyi "Dusan Arena"da "köhlən atlar"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Qeyd edək ki, avqustun 23-də oynanılacaq "Viktoriya" (Plzen) - "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək. Bakıdakı ilk oyunda qolsuz bərabərlik qeydə alınmışdı.