UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş" cəzalanıb.
Offsideplus.az xəbər verir ki, UEFA Macarıstan klubunu 2-ci mərhələdə öz meydanında "Slovan"a (Bratislava, Slovakiya) qarşı oynanılan matçda (1:2) azarkeşlərinin irqçi şüarlar səsləndirməsinə görə cərimələyib. Budapeşt təmsilçisi 15 min avro cərimə ödəyəcək. Bundan başqa, macarların "Qarabağ"a qarşı keçirəcəyi cavab oyununda tribunaların bir hissəsi (B tribunasında azı min nəfərlik yer) bağlı olacaq.
"Ferentsvaroş" azarkeşlərin meydana yad əşyalar atması, həmçinin, təhqiredici və təxribat xarakterli sözlərə görə isə 50 min avro məbləğində cərimələnib. Müəyyən ictimai dəhlizlərin bağlanması səbəbindən isə 14 min avro ödəniləcək.
Qeyd edək ki, "Qarabağ" ilk görüşündə "Ferentsvaroş"la heç-heçə (1:1) edib. Komandalar arasında Budapeştdə keçiriləcək cavab oyunu avqustun 9-da baş tutacaq.