UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutan "Qarabağ" - “Ferentsvaroş” matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanov oyundan sonra “CBC Sport”a açıqlama verib:
"Oyundan çox razı qaldım. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibin 11 futbolçusunun 11-i də topla çox yaxşı davranırdı. Futbolçularım durmadılar, dayanmadılar. İkinci hissədə qol epizodlarımız da oldu. Hər şey cavab matçına qalır. İlk oyunda rəqibi tam tanıya bilmirsən. Amma inanıram ki, bu istəklə cavab matçında istədiyimizi edə biləcəyik".
Mütəxəssis müdafiə xəttinə yeni futbolçu almağı düşünmədiklərini qeyd edib: "Düzü, hələlik sırf müdafiə xəttində transfer barədə düşünmürük. Futbolçular bu gün də göstərdilər ki, elə onlar əsas heyətin oyunçularıdırlar".
Qurbanov cavab oyunu üçün xüsusi dəyişiklik etməyəcəklərini söyləyib: "Dəyişəcək bir şey yoxdur. Sadəcə daha çox iş görmək lazım olacaq. Rəqib öz meydanında oynayacaq. Biz orada buradakından daha çox güc sərf etməli olacağıq. Bəzi detalları analiz edəcəyik. Səfərə çox rahat halda və böyük istəklə gedəcəyik".