Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” ilk matçından əvvəl təşkil olunan mətbuat konfransında Macarıstan təmsilçisinin baş məşqçisi Stanislav Çerçesov jurnalistlərin suallarını cavablandırdı.
Offsideplus.az xəbər verir ki, rusiyalı çalışdırıcı əvvəlcə sabahkı oyun barədə fikirlərini bildirib:
- Sabah çox çətin görüşümüz olacaq. “Qarabağ” çox güclü klubdur. Hər bir komandanın güclü və zəif cəhətləri olur. Bunun üzərində çox dayanmaq istəməzdim. Bütün müsbət və mənfi amilləri nəzərə almalıyıq.
- Bundan əvvəlki cütdə “Ferentsvaroş” “Slovan”la düeldə favorit hesab olunmurdu. Bu dəfə cütün favoriti kimdir?
- Evdə məğlub olduğumuzdan “Slovan” favorit hesab olunurdu. Hər şey sıfırdan başlanır. Sabah qonaq komandayıq. Yalnız bu cəhətdən ev sahibi “Qarabağ” favorit ola bilər. Ümumiyyətlə bu cütdə kiminsə üstün olduğunu deyə bilmərəm. Sabahkı matç göstərəcək.
- “Qarabağ” daha çox hücum futbolu göstərir. Sizcə, sabah müdafiədən oynayacaqlar?
- Komandanın müəyyən dəsti xətti var. Matçın gedişi rəqibin nə qədər imkan verməsindən asılı olacaq. Ona görə də sabah hər şey məlum olacaq.
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 14 ildir, bu komandanın baş məşqçisidir. Uğurlu və peşəkar olmaqdan əlavə çalışdırıcıya hansı keyfiyyətlər lazımdır ki, bir yerdə bu qədər uzun müddət işləyə bilsin?
- Bu qədər uzun müddət komandanı idarə etmək üçün işi mükəmməl bilmək, onu sevmək, uğur qazanmağın yolunu tapmaq lazımdır. Eyni zamanda klubu sevmək və rəhbəliklə uzun müddət işləyəcək səviyyədə dil tapmaq mütləqdir.
- “Qarabağ”ın ardıcıl 8 il avrokuboklarda qrup mərhələsində çıxış etməsi sizi rəqibdən çəkinməyə məcbur edirmi?
- Bu, “Qarabağ"ın yüksək səviyyəli olduğunu göstərir. Ən əsası da səviyyəni illərdir qoruyub saxlaya biliblər. Rəqibdən çəkinmək yox, oyununu öyrənmək, hörmət göstərmək və bu keyfiyyətləri nəzərə alaraq qalib gəlməyin yollarını tapmaq lazımdır.