Çempionlar Liqasının I təsnifat mərhələsi üzrə "Neftçi" və "Dinamo" arasında baş tutacaq cavab oyunundan öncə açıq məşq və mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, saat 20:30-da "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. 43 yaşlı mütəxəssis ilk öncə fikirlərini bölüşüb:

"İlk olaraq demək istərdim ki, sabah bizim üçün çox xoş gündür. Azarkeşlərimiz stadionlara dönür. Bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bu bizim üçün atılan çox gözəl addımdır. Sabahkı oyunun gərginliyi artıq hiss olunmağa başlanır. Hansı komandaya qarşı oynayacağımızı bilirik, Gürcüstanda bizə qarşı necə hazırlaşdıqlarını göstərdilər. Bilirsiniz ki, onlar çempionatda 17-ci turun oyunlarını keçiriblər. Komanda yaxşı hazırlaşdığı üçün bu bizə çətinlik törədir. Nəticə ilə oyunumuz üst-üstə düşmədi. Bilirsiniz ki, səfər qolu qaydası ləğv olunub. Buna görə də, sabah oyunun hesabına yox, öz oyunumuza arxalanacağıq".

Emin Mahmudov: "Baş məşqçinin dediyi kimi sabah bizi çətin oyun gözləyir. Onlarda çempionatın ortasıdır. Çalışacağıq ki, topa nəzarət bizdə olsun. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək".

"Ağ-qaralar"ın kapitanı penalti zərbəsi barədə ona ünvanlanan suala belə cavab verib: "Həmişə penaltini düzgün yerinə yetirmək üçün çalışıram. Penalti zərbələrini kim istəsə yerinə yetirir, xüsusi olaraq onun üçün çalışmırıq".

 

Samir Abasov komandanın ilk oyundakı performansı barədə danışıb: "Ümumiyyətlə, gedən oyunçuların hamısının komandaya təsiri olur. İlk oyun olduğu üçün "Neftçi"nin zəif çıxış etdiyini deyə bilərəm. Sağ və sol müdafiəçilərimiz oyundan qopdular və komandaya yetərincə kömək edə bilmədilər. Harramiz bu mövqedə daha öncə oynamamışdı. Lakin düşünürəm ki, hər şeyi düzəltmək üçün potensialımız var. İlk oyunda qələbə ilə qayıtsaq da, həzzini yaşaya bilmədik. Nə yaxşı ki, ikinci oyun var, oyunumuzu dəyişməyimiz 100/100-dür".

 Mütəxəssis azarkeşlərin transfer istəyi ilə bağlı bu sözləri deyib: "Bunu cavablandırmaq məni üçün çox çətindir. Transferlərə ehtiyacımız var, əvvəllər bir neçə mövqe üzərində dayansaq da, indi çoxlu futbolçulara ehtiyacımız var. Bir neçə mövqe üçün yeni futbolçu almaylıyıq. Çalışırıq ki, bu məsələni həll edək. Pulla bağlı açıqlama verə bilməyəcəm, pulu ayıran mən deyiləm. Elə oyunçular da var ki, onlarla danışmaq istəyəndə sizi vecinə almır. İllərdir ki, belədir. Çox əziyyət çəkirik, bəzi məqamlarda çox diqqətli olmalıyıq. Klublarla oturub ciddi danışmaq lazımdır, oyunçunu transfer etmək gücündə olmalıyıq. Bu gün nəisə demək çox çətindir.

"Hazırki "Neftçi" yaxşı vəziyyətdə deyil. Bu vəziyyətlə qruplara düşmək yetərlidirmi, əmin deyiləm. Çempionlar Liqası qruplarına düşmək bir rüyadır. Növbəti mərhələlər isə Avroliqa və Konfrans Liqasıdır. Atdığımız addımlardan çox şey asılıdır, xüsusilə də edəcəyimiz transferlərdən".

Abasov rəqib baş məşqçi Kaxaber Tsxadadzenin "Neftçi"ni məlub etmək gücündə olduqları ilə bağlı verdiyi açıqlamaya belə cavab verib: "Sən konkret deyirsən, dava edək. Səbr elə, sabah görəcəyik nə olacaq".