"Çelsi"nin hücumçusu Timo Verner "Real" üzərindəki parlaq qələbədən danışıb.
Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu UEFA-nın saytına verdiyi açıqlamada finala yüksəlmək sevincini yüksək emosiyalarla qeyd etdiklərini bildirib: "Uğuru paltardəyişmə otağında dəlicəsinə qeyd etdik. O qədər uca səslə qışqırdım ki, sonda səsim də batdı. İndi həkimə müraciət etməliyəm. Bu oyunda etdiklərimiz inanılmaz idi. Bəlkə də topa nəzarət əlimizdə deyildi, amma oyun intizamını və tempi qorumaqla dünyanın yüksək səviyyəli futbolçularının cəmləşdiyi komandanı udmağı bacardıq. Komandamız gənc ola bilər, amma axmaq yox. Uşaq səhvlərinə yol vermədən istəyimizə çatdıq".
Qeyd edək ki, "Real"la "Çelsi" arasında Madriddə keçirilən görüş 1:1 hesabı ilə nəticələnmişdi. Londondakı cavab matçında İngiltərə təmsilçisi 2:0 hesabı ilə qalib gəlməklə Çempionlar Liqasının finalında "Mançester Siti"nin rəqibi oldu.