“Oyundan əvvəl A və B planlarımızın olduğunu dedim”.
Offsideplus.az xəbər verir ki, bunu “Şerif”in baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Bununla mübarizəni Avropa Liqasında davam etdirəcək Moldova çempionunun 46 yaşlı çalışdırıcısı fikrini bu sözlərlə davam etdirib: “Birinci qolda ilk səhv penalti ilə nəticələndi və ardından oyunçumuz qırmızı vərəqə aldı. 2-3 qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşməsini arzulayıram”.
- "Qarabağ"ın güclü tərəfləri nələr idi?
- "Qarabağ"ın çox yaxşı futbolçuları var, hücum xətti güclüdür. Bunu oyundan əvvəl də demişdim. "Qarabağ" topa nəzarət edirdi. Penalti epizoduna qədər başabaş mübarizə apardıq. İkinci hissədə hücum oyunçularını meydana buraxdıq, irəlidə dərinlik yaratmaq istədik.
- "Şerif"in futbolçuları bu gün oyundan daha çox rəqib oyunçularını təpikləməklə məşğul idilər. Çempionlar Liqası bir tərəfə, Moldova çempionluğunu belə oyunla qazanmısınız?
- Mən də hücum futbolu istəyərdim. Amma bugünkü oyunu antifutbol saymıram. Taktikanı rəqibə görə qurursan.
- Oyun zamanı hakimin qərarına tez-tez reaksiya göstərirdiniz. İsti başla olan hərəkətlər idi, yoxsa hakimlikdən narazı qaldınız?
- Matçdan sonra hakimlik haqda danışmaq düzgün deyil. Ola bilsin ki, mən yanlış görürəm və ya hakim də səhv edə bilər.
- Qırmızı vərəqə alan futbolçu cərimələnəcək?
- Hazırda başım alovludur. Bu barədə düşünmürük.
- Matçdan əvvəl Qara Qarayevi xüsusi vurğulamışdınız. İndi necə, fikriniz dəyişməyib?
- Mənim üçün hələ də Azərbaycanın ən yaxşı futbolçusu odur. Topa nəzarət edir, müdafiədə diqqətlidir. Bir neçə il əvvəl olduğu kimi.(apasport.az)