Azərbaycan futbolu tarixində ən bahalı satışları reallaşdıran "Qarabağ" klubunu yerli "Ayaks" və "Borussiya" da adlandıra bilərik.
Qurban Qurbanovun əlinin altından keçən bir çox futbolçu "bişir" və qızıl sinidə xarici klublara təklif olunur. Offsideplus.az "Qarabağ" klubunun reallaşdırdığı ən bahalı satışları sizlərə təqdim edir:
1. Kadi Borges - 5 milyon avro
"Qarabağ" klubu tarixinin ən bahalı satışı Kadi Borgesdir. Oyunçunun 2023-cü ilin yanvarında Rusiyanın "Krasnodar" klubuna keçidi rəsmiləşdi. Anlaşmaya əsasən, "Qarabağ" bu transferdən 5 milyon avroya yaxın gəlir əldə etdi. Təəssüf ki, braziliyalı yarımmüdafiəçinin Rusiya komandasındakı debütü o qədər də uğurlu olmadı və futbolçu ağır zədələrlə üzləşdi.
2. İbrahima Vadji - 1 milyon avro
2021-ci ildə "Qarabağ" klubuna transfer olunan İbrahima Vadji Ağdam təmsilçisinin 2021-22 Avropa Liqası mövsümü heyətinin ulduzlarından biri idi. Seneqallı forvard 2022-ci ilin yayında 1 milyon avrodan çox məbləğə Fransanın "Sent-Etyen" komandasına transfer olunmuşdu.
3.Dino Ndlovu - 750 000 avro
2018-ci ildə “Qarabağ”ın futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satması azarkeşləri çox məyus etdi. Lakin bu keçid "ağdamlılar"a 750 min avro qazandırdı. Bu isə 1,5 milyon manat edir.
4. Reynaldo - Musa Qurbanlı - Kvabena Ovusu - 500 000 avro
4-cü yerdə "beş yüz minlik" oğlanlar qərarlaşır. "Qarabağ" 2017-ci ildə Reynaldonu "Adanaspor"a, 2023-cü ildə Ovusunu "Ferentsvaroş"a və Musa Qurbanlını "Yurqorden" klubuna satdı.
5.Vaqif Cavadov - 250 000 və ya 500 000 avro
"Qarabağ"ın əsas hücumçularından Vaqif Cavadovun 2009-cu ildə Niderlandın "Tvente" komandasına transferi Azərbaycan futbolunda səs-küy yaratdı. "Tvente" Cavadov üçün 250 000 - 500 000 avro civarında ödəniş edərək, futbolçunun transferini reallaşdırdı.