Artıq ikinci mövsümdür ki, "Araz-Naxçıvan" ev oyunlarını Mərdəkanda keçirərək bir sıra mübahisələrin mərkəzində yer alır. Bu halın uzanması klubun futbol ictimaiyyəti tərəfindən haqlı tənqid edilməsinə səbəb olur. 

Ümid edək ki, səriştəsiz yanaşma, Naxçıvan təmsilçisinin adının mediada daim hallanmasına xidmət edən ağılasığmaz bir piar kompaniyasından ibarət deyil. 

Stadionla bağlı ötən mövsümdən verilən vədlərin heç birinin icrası həyata keçirilməyib. Sanki hər şey öz axarına buraxılıb, bu tendensiyanın davam etməsi artıq qəbul edilən bir həqiqətə çevrilib. Klub rəsmiləri mətbuata verdikləri açıqlamalarda tender məsələsini gündəmə gətirərək mövzudan yayınmağa çalışıblar. Bir tərəfdən Azərbaycan futbolunun inkişafını arzulayaraq özümüzü aldatmağa nə ad vermək olar? Azarkeşsiz klub gəmisiz limana bənzəyir. Heç birinin varlığında xüsusi bir məna yoxdur. Görəsən, Nəqşicahan təmsilçisinə lisenziyalaşdırmada yandırılan yaşıl çıraq sehirli Əllədinlə bağlıdır? 

Bu qəbildən olan sualların cavabları bu gün olmasa da, mütləq bir gün tapılacaq. Bir müddət sonra Azərbaycan futbolunun tarixində bölgə klublarının naməlum səbəblərlə Bakıya köçməsini xatırladıqda, yalnız ironik bir təəssüf hissi ilə gülümsəyəcəyik.