"Səbail"də işlər qarmaqarışıqdır.
Komanda baş məşqçisiz qalıb. Yaşına, işinə, məşqçiliyinə hörmət edən Şahin Diniyev "Kəpəz"ə uduzduqdan sonra istefa verdi. Məğlub oldu, getdi rəhbərliklə danışdı, mətbuat konfransına gələrək bu sözləri söylədi:
"Öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm. Bütün oyunlarda vuruşdular. Bu, futboldur, hər şey olur".
Əslində Diniyev istefanın mədəniyyət olduğunu nümayiş etdirdi. Ya da klubdaxili oyunları görərək çıxıb, getdi. İndi "Səbail" baş məşqçi axtarışındadır. Heç kim komandaya yaxın gəlmək istəmir. 3 gündür ki, "dənizçilər"lə bağlı redaksiyamıza informasiyalar daxil olur.
Sən demə, hətta Şahin Diniyev komandanın başında ola-ola bir neçə əcnəbi mütəxəssislə danışıq aparılıb. Lakin onların hamısı "yox" cavabını veriblər. Kimdir e, uzun illərdir autsayderlər sırasında yer alan kollektivə rəhbərlik etmək istəyən? Bu səbəbdən də klub rəhbərliyi məcbur yerli mütəxəssis axtarışına başlayıb. Ən çox istədikləri şəxs Cavid Hüseynovdur. O da çıxılmaz vəziyyətdə qalıb. "Turan Tovuz"da gül kimi işini qoyub, gəlmək istəmir. Niyə gəlsin axı?
"Səbail"də indi xaos hökm sürür. Klubda söz sahibi adamların sözü eşidilmir. Futbolçular başa düşürlər ki, komanda Premyer Liqanı tərk edə bilər. Çoxu qışda "Səbail"i tərk etmək istəyir. Bir tərəfdən də komandaya normal məşqçi tapılmır. Rəhbərlik məcbur olaraq U19-nun çalışdırıcısı Elvin Məmmədov bu posta təyin etdi. Ayın 9-u komandanı "Turan Tovuz"la matça millimizin sabiq üzvü çıxardacaq. Nəticələrin necə olacağını zaman göstərəcək. Amma dəqiq olan bir şey var ki, kimsə komandanı çalışdırmaq istəmir. Hətta rəhbərlik büdcənin artırılacağını vəd etsə də...