Dünya futbol ulduzları yaşıl meydanlarda təkcə pasportdakı adları ilə yox, həm də ləqəbləri ilə tanınıblar. Xüsusən komanda yoldaşları öz aralarında bir-birinə adları ilə yox, ayamaları ilə müraciət ediblər və ya edirlər.
Məsələn, Rikardo Kuarejmaya “Q7”, “Mustanq” ləqəbləri qoşulub. Xavyer Zanetti “Traktor”, Andrea Pirlo “Maestro” və ya “Professor”, Kriştiano Ronaldo “Kriş”, “Maşın”, Cennaro Qattuzo “Pit-Bull”, Maradona “Qızıl oğlan”, Edinson Kavani “Matador” ləqəbləri ilə məşhurdur.
Azərbaycanlı futbolçuların da “ikinci adları” olub. Bəziləri meydandakı hərəkətlərinə, kimsə həyatdakı davranışlarına və ya görünüşünə uyğun. Sizlər üçün maraqlı olacağını nəzərə alıb, həmin ləqəblərin hardan ərsəyə gəldiyini təqdim edirik.
Soğan – 90-cı illərdə keçilməz müdafiəçilərdən sayılan Elçin Dərgahquliyev. “Xəzri”, “ANS-Pivani” kimi komandaların şərəfini qorumuş Dərgahquliyev buzovnalı olduğu üçün komanda yoldaşları onu bu adla çağırırdı. Buzovna soğanının məşhurluğu haqda uzun-uzadı yazmağa gərək yoxdur.
Bığ – Rövşən Hüseynovun karyerasında dərin izlər olmasa da, müstəqillik tarixinin ilk illərində seçilənlərdən olub. Hələ gənc ikən, 16 yaşında bığları ilə görkəmcə komanda yoldaşlarından seçilirmiş. Elə o vaxtdan “Bığ Rövşən” çağırıblar.
Açko – Sumqayıt futbolunun yetirməsi Azər Mehdiyev. Kürəyində “21” nömrəni daşımağı sevən birvaxtların istedadlı futbolçusu kart oyununun badına gedib. Kartda 21 xal “oçko” sayıldığından, o vaxtdan “ikinci adı” elə “Açko” qalıb.
Dodik – O vaxt iki Samir Məmmədov vardı. Biri mingəçevirli, digəri bakılı Samir. Mingəçevirli Məmmədova gözlərinə və baxışlarına görə “tiqr” ləqəbi yaraşırdısa, bu biri Samir dodaqlarının böyüklüyünə görə “Dodik” ləqəbinə “layiq görülmüşdü”.
- Samir filan şeyi belə etdi.
- Hansı Samir?
- Dodik.
Aha, hər şey aydın olurdu.
Faşist – Vaxtilə hakimlər və rəqib hücumçular üçün arzuolunmaz sima hesab olunan Mehman Yunusov. Cüssəsi və zəhmi ilə meydanda seçilənlərdən olan sumqayıtlı mütəxəssis amansız xarakterə sahib olub. Elə buna görə də “Faşist” ləqəbini qazanıb. Lakin o vaxt üzünə deməzdilər, ancaq arxasınca.
Baraka – bu adı hansı futbolçunun yanında desən, hazırda “Keşlə”nin sıralarında olan Ruslan Əmircanovu xatırlayacaq. Əmircanov vaxtilə saçlarını kökündən kəsdirəndə “Mortal Kombat”da əlindəki bıçaqlarla məşhur Barakanı xatırladırmış. Odur ki, o vaxtdan ayaması “Baraka” qalıb.
Çıqan – Emin Mehtiyevə qoyulmuş ləqəbdir. Davranışlarına, hərəkətlərinə görə intizamsız, səliqəsiz təsir bağışladığından, meydanda öz bildiyi kimi oynadığından, bu adı “haqq etmişdi”.
Yapon – yaxın keçmişdə “Qarabağ”ın qapısını qoruyan Fərhad Vəliyevdən gedir söhbət. Bu ləqəblə tanınmasının səbəbi gözlərinin formasına görə yaponlara bənzəməsi olub.
Kələş – uzun illər “Bakı”nın heyətində çıxış etmiş Elvin Əliyev məhz bu cür tanınırdı. Səbəbsiz deyildi. Əliyev soyadından əvvəl Kələşov soyadını daşıdığından, komanda yoldaşları onu Elvin yox, “Kələş” kimi çağırırdı.
Kələ, Buga – Söhbət “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abasovdan gedir. Top dalınca qaçdığı dönəmdə əsasən fiziki hazırlığına görə seçilirdi. Topla rəftarı ürəkaçan olmasa da, meydanın mərkəzində qara iş görmək bacarığına görə fərqlənənlərdən olub. Elə buna da zəhmli və zəhmətkeş heyvanın ləqəbini daşıyıb.
Professor – Azərbaycan futbolunun yetişdirdiyi barmaqla sayılacaq istedadlarından olan Mahmud Qurbanovun ölkə xaricində haqq etdiyi ləqəb idi. Vaxtilə Ukrayna “Tavriya”sının formasını geyinəndə Anatoli Zayayev Qurbanovu bir dəfə “Professor” çağırmışdı, ondan sonra bütün komanda ona bu adla müraciət edirdi. Səbəbi sadəydi ötürmələri, xüsusən də meydanı görmə bacarığı, sadəcə, möhtəşəm idi.
Kötük – Ramil Sayadova deyilirdi. Hələ kiçik yaşlarından bədən quruluşuna görə həmyaşıdlarından fərqləndiyi üçün ona bu ləqəblə müraciət edirdilər. İndi Avstraliyada yaşayır, qapı-pəncərə sexində işləyir.
HƏBİB