Türkiyənin "Qalatasaray" klubu 1993-cü ildə ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə yüksəlir.
İlk oyunda səfərdə "Mançester Yunayted"lə 3-3 bərabərliyə imza atan İstanbul təmsilçisi doğma meydanda qolsuz bərabərliyə nail olmuşdu.
1993-cü ilin noyabrın 3-də keçirilən oyunda İngiltərə nəhəngi qorxunc atmosferlə qarşı-qarşıya idi.
"Qırmızı şeytanlar” "cəhənnəm”dən sağ çıxmaq üçün qələbə qazanmalıydılar. Ancaq "Mançester Yunayted” "Qalatasaray"ın müdafiəsini yara bilmir və oyun bərabərliklə bitir. Oyundan sonra "Mançester Yunayted”un ulduzu Erik Kantona hakimin üzərinə şığıyır. "Qalatasaray" futbolçularının tez-tez özlərini yerə atması və baş hakimin oyuna bircə dəqiqə belə əlavə etməməsi onu bərk qəzəbləndirmişdi. Qarşılaşmanın baş hakimi Karl Rotlisberger Eriki bu çılğınlığına görə qırmızı vərəqə ilə cəzalandırır.
Futbolçular paltardəyişmə otağına gedərkən Kantona sakitləşmək bilmirdi, çılğınlıq edirdi. Bu isə türk polisinin onu vurması ilə nəticələnib. Həmin vaxt "Mançester Yunayted”in heyətində çıxış edən Stiv Bryus hadisəni belə xatırlayır: "Tunelin sonunda xilas yeri – bizim paltardəyişmə otağımız görünürdü. Amma mən ora çatana qədər polislərin Kantonanı dubinka ilə necə döydüklərini gördüm”.
Roy Kin isə Kantonanın paltardəyişmə otağında dəliyə döndüyünü deyir: "Erik geri qayıtmaq, onu döyənlərlə haqq-hesab çəkmək istəyirdi. Biz onu güclə saxlayırdıq. O, cüssəli, fiziki cəhətdən güclü idi. Ciddi idi, onu öldürəcəkdi. Normalda mən davadan geri çəkilən deyiləm, ancaq mən belə hazır deyildim. Çöldə xeyli türk vardı".
Kantonanı sakitləşdirmək üçün baş məşqçi və köməkçiləri müdaxilə etməli olurlar. O "Məni arxadan vurdular. Bu isə əsl skandaldır” deyə qışqırırmış.
Paltardəyişmə otağında sakitlik yarandıqdan sonra Ferqyuson futbolçulara göstəriş verir ki, duş qəbul etməyə növbə ilə getsinlər, otaqda qalanlar isə Kantonaya nəzarət etsinlər.
"Mançester Yunayted”in avtobusu stadionu tərk edərkən azarkeşlərin hücumuna məruz qalır. Azarkeşlər avtobusu daşa basırlar. Stiv Bryus həmin məqamı belə xatırlayır: "Mən pəncərənin yanında oturmuşdum. Əgər fanatlar bir qədər iri daş atsaydılar, yəqin ki, başım parça-parça olardı”.
Erik Kantona avtobioqrafik kitabında hadisə barədə belə yazır: "Əlbəttə, ÇL-də mübarizəni dayandırdığımız üçün məyus olmuşdum. Rəqibin də iyrənc taktikası bizə oynamağa imkan verməmişdi. Üstəlik, baş hakim də qarşılaşmaya bircə dəqiqə də əlavə etmədi. Etirazıma görə qırmızı vərəqə aldım. Ancaq mənə ən çox təsir edən, polisin arxadan kürəyimə zərbə vurması oldu. Ola bilsin ki, onunla nə vaxtsa qarşılaşacağıq”.
Oyun bitdikdən sonra hakimə nə dediyi söhbətinə gəlincə "Sadəcə pis hakim olduğunu söyləmişdim" deyir.
"Mançester Yunayted" daha sonra polisin Kantonanı arxadan vurduğu görüntüləri əldə etmişdi.
Həmin mövsümdə "Qalatasaray" A qrupunda "Barselona", "Monako" və "Spartak Moskva" ilə eyni qrupda yer alır. Türkiyə təmsilçisi qrupu 2 xalla tamamlayır.
Matçın icmalını təqdim edirik:
Mənbə: Fanatik