"Liverpul əfsanəsi Stiven Cerrard Məhəmməd Salahın “klub məni avtobusun altına atdı” və “kimsə bütün günahı mənə yükləmək istəyir” sözlərindən sonra yaranan vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, TNT Sports-a danışaraq həm Salahı müdafiə edib, həm də onu tənqid edib. Cerrard əvvəlcə Salahın emosional vəziyyətini başa düşdüyünü deyib:

"Oynaya bilmədiyi üçün çox əsəbidir, buna hörmət edirəm. Komandadan kənar qalmağa heç vaxt razı olmaz – buna da hörmət edirəm.”

Amma əfsanə kapitan misirli hücumçunun sərt ifadələrini düzgün adlandırmayıb:

“Amma ‘məni avtobusun altına atdılar’ kimi cümlələr yanlışdır. Bu fikirlərdən bir az geri çəkilməlidir.”

Cerrard komandanın kapitanı Vircil van Daykın vasitəçi rolunu oynamalı olduğunu deyib:

“Vircil deməlidir ki, ‘Bunu necə həll edirik? Klubun, komandanın və ən əsası azarkeşlərin xeyrinə necə çıxış yolu tapırıq?”

O, bu tip vəziyyətlərin yeni olmadığını bildirib:

“Bunu əvvəllər də görmüşəm, yaşamışam. Suarezin Brendan Rodcerslə problemində də, öz şəxsi təcrübəmdə də bunu gördüm.”

Qırmızıların əfsanəsi Salahın açıqlamalarının anlıq emosiyanın nəticəsi olduğunu deyib:

“Hamımız emosional anlar yaşamışıq. Zaman keçəndə o düşünəcək ki, bunu deməməli idi, tələsib.”

Cerrard açıq şəkildə bildirib ki, klubun hazırkı durumda Salah kimi oyunçunu itirmək lüksü yoxdur:

“Liverpul"un Salaha ehtiyacı var — onun yaxşı formada olmasına, qollarına ehtiyac var. O, komandanın ən yaxşısıdır və onları bu vəziyyətdən çıxara biləcək oyunçudur."

Sonda isə xəbərdarlıq edib:

“Əgər bu məsələ uzansa, göründüyündən daha böyük problemə çevriləcək.”