“Tottenhem” klubunun və Cənubi Koreya millisinin ulduzu Son Xın Min şantaja məruz qalıb.
Offsideplus.az “The Korea Times”a istinadən xəbər verir ku, 32 yaşlı futbolçu Seul polisinə müraciət edərək 20 yaşlı bir qadını və onun 40 yaşlı ortağını pul tələb etməklə hədələməkdə ittiham edib.
Hadisə 2024-cü ilin yayında baş verib. Belə ki, adı açıqlanmayan qadın Sonun ondan hamilə olduğunu bildirib və bu məlumatı yaymamaq üçün ondan yüksək məbləğdə pul tələb edib. İddiaya görə, tələb olunan vəsait on milyonlarla von, yəni on minlərlə ABŞ dolları təşkil edib.
Araşdırmalar zamanı qadının hamilə olmadığı, bunun əvvəlcədən planlaşdırılmış bir şantaj planı olduğu üzə çıxıb. Hər iki şübhəli artıq polis tərəfindən saxlanılıb və istintaq davam edir.
Futbolçunun vəkilləri hadisə ilə bağlı açıqlama yayaraq bildiriblər ki, Son Xın Min aldadılıb və onun əsas məqsədi adını hüquqi müstəvidə təmizləməkdir.
Qeyd edək ki, Son Xın Min 2015-ci ildən “Tottenhem”də çıxış edir. O, cari mövsümdə 44 oyuna çıxaraq 11 qola imza atıb.



