"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonun "Əl Nəsr"ə keçidi barədə danışmaqdan imtina edib.
Offsideplus.az goal.com-a istinadən xəbər verir ki, o, bununla bağlı Premyer Liqanın 18-ci turunda "Vulverhempton"a qalib gəldikləri (1:0) oyundan sonra verilən suala cavabında deyib:
“Mən keçmişdən danışmıram, gələcək haqqında danışaq".
"Bu gün yaxşı bir addım atdıq. Bu mövsüm ilk dəfədir ki, ilk "4-lük"dəyik, lakin bu, heç nə demək deyil, çünki hələ çox uzun bir yol var. Biz oyundan-oyuna keçməliyik, nə isə qazana biləcəyimiz mövqeyə düşməliyik”, - deyə niderlandlı çalışdırıcı bildirib.
Xatırladaq ki, noyabrda Ronaldo müsahibə verərək " Mançester Yunayted "in rəhbərliyini tənqid etmiş və Ten Haqa hörmət etmədiyini bildirmişdi. Klub 37 yaşlı oyunçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.
Qeyd edək ki, Ronaldo "Əl-Nəsr"lə 2 illik sözləşmə imzalayıb.