Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür.

44 günlük II Vətən müharibəsi savaşında əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmadı.

Onlardan yaralanan da oldu, şəhidlik zirvəsinə yüksələn də…Şücaət göstərib, sag-salamat geri dönəndə…

Offsideplus.az saytı II Qarabağ müharibəsində iştirak etmiş "Qəbələ" komandasının kapitanı Asif Məmmədovun həmin günlə bağlı xatirələrini öyrənib:

asif

"Yaxınlarımız, dostlarımız şəhid olub deyə həmin günlər yaddaşımda ağır qalıb. Buna baxmayaraq qələbə qazandığımız üçün sevincliyik. Bu gün fəxr edə bilərik ki, Qarabağı tam işğaldan azad edə bilmişik. Xalam oğlu şəhid Müşviq Abbasovla həmişə döyüşlərdən danışırdıq. Bu mən də ruh yüksəkliyi yaradırdı. Çox sevincliyəm ki, az müddət olsa da, Vətən müharibəsində iştirak etmişəm".

Vətən müharibəsində iştirak etmiş "Qarabağ" klubunun Media və PR departamentinin əməkdaşı, idman jurnalisti Mehman Əşrəfov döyüşlərdə yaşadıqlarının, gördüklərinin hər saniyəsi yaddaşında qalacağını bildirib:

mehman esrefov

"Bu gün həm kədərli, həm də qürurlu gündür. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Hər birimiz evdən torpaqlarımızdan düşməni qovmaq və zəfər qazanmaq istəyi ilə çıxmışdıq. Şükürlər olsun ki, ordumuz və xalqımızın birliyi, Cənab Ali Baş komandan İlham Əliyevin liderliyi ilə 30 illik həsrətə son qoyduq.

3 il tez keçdi... Amma orada yaşadıqlarımız, gördüklərimizin hər saniyəsi yaddaşımızda əbədi qalacaq. Bizim döyüşə-döyüşə getdiyimiz yollar, indi "Zəfər yolu"dur. Qürur duyuram ki, doğma torpaqlarımızın işğaldan azad edilməsində mənim də payım var.

44 günlük müharibə Azərbaycan ordusunun döyüş ruhunu, vətən sevgisini, müasir hərbi silahların uğurla tətbiq edilməsini, əsgər və zabitlərimizin igidliyini və peşəkarlığını bütün dünyaya göstərdi. Azərbaycan əsgəri qəhrəmandır, məğlubedilməzdir. Əlbəttə, xalqımızın müharibədə verdiyi dəstək də çox böyük idi və bizi ruhlandırırdı.

Həyatın müxtəlik dönəmlərində yeni dostlar qazanırıq. Döyüş yoldaşlarım mənim üçün xüsusidir. Onlarla həyatın ən çətin və şərəfli yolundan keçmişik. Təsəvvür edin, suyu belə bölüşüb içdiyin döyüş yoldaşın az sonra şəhid olur, ağır yaralanır... Ən çətin anda səni qoruyur... Bu gün səhər saatlarında Şəhidlər xiyabanında idim. Mənimlə çiyin-çiyinə döyüşlərdə iştirak etmiş şəhidlərimizi məzarlarına baş çəkdim. Bu gün çox evlərdə masa başında kiminsə yeri boşdur... Çox ağırdır itkini qəbul etmək. Allahdan şəhidlərimizin ailələrinə səbir diləyirəm. Döyüşlərdə iştirak etmiş yoldaşlarıma cansağlığı arzulayıram".

Nuh Tarverdiyev