Ölkəmizdə AZAL, "Xəzər Lənkəran", "İnter" klublarında çıxış etmiş braziliyalı forvard Nildo Frans Juniorun Offsideplus.az-a müsahibəsi...
- Nə işlə məşğulsan? Futboldan uzaqlaşmısan?
- Futbol karyeramı 3 il əvvəl başa vurdum, çünki ayağımda zədələr vardı. Daha sonra Mərakeşdə uşaq futbol məktəbində çalışdım.
- Azərbaycanda çıxış etdiyin günləri necə xatırlayırsan?
- Azərbaycanda 4 il oynadım. 3 il AZAL-da, 1 il isə "Xəzər Lənkəran"ın formasını geyindim. Azərbaycanda çox yaxşı dostlarım var. Bakıda çıxış etdiyim üçün çox xoşbəxtəm, bütün dostlarımı, AZAL və "Xəzər Lənkəran"dakı komandamı xatırlayıram. Allaha şükürlər olsun ki, AZAL-da çıxış etdiyim üç ildə hamı - komanda yoldaşlarım, prezidentimiz mənə çox yaxşı münasibət göstərdi. Orada heç bir çətinliklə üzləşmədim, bu insanları və mənə etdiklərini heç vaxt unutmayacam.
- Azərbaycan çempionatını izləyirsən?
- Çox az izləyirəm, demək olar ki, izləmirəm. Amma dostlarım futbolla bağlı bir şey paylaşanda nəzər salıram. Lakin bu da çox nadir hallarda olur. "Qarabağ" kimi klubları bəyənirəm.
- Burdakı dostlarınla, sabiq komanda yoldaşlarınla əlaqələrin qalır?
- Azərbaycanda əlaqə saxladığım dostlarım var: Ruslan, Aqil... (gülür) Onlarla tez-tez danışırıq. Deyirəm ki, "nə vaxt Mərakeşə gəlirsiniz? Qapım həmişə açıqdır". Bakıya gəlmək həmişə xoşdur, çünki oranın çörəyini yemişəm. Bu şəhər mənə hər şey verib. Bütün azərbaycanlılar mənə qarşı mehriban olub. Kimləsə bir problemim olsa, yardım ediblər.
- "Xəzər Lənkəran"ı niyə tərk etdin?
- "Xəzər Lənkəran"la iki illik müqaviləm vardı. Birinci ilimdə maaşım ödənildi, lakin sonradan klubda çöküş baş verdi. Pul yox idi, futbolçuların maaşını ödəyə bilmirdilər. Ona görə klubu tərk etdim.
- AZAL və "Xəzər Lənkəran" klubları dağıldı... Bu barədə nə deyə bilərsən?
- "Xəzər Lənkəran" böyük komanda idi. Klubun böyük azarkeşləri vardı, fanatlar komandanı çox sevirdi. "Xəzər Lənkəran"da krizis baş vermişdi, sonra dağıldı. Lakin həm AZAL-ı, həm də "Xəzər Lənkəran"ı Azərbaycan Premyer Liqasında görmək istərdim.
- Avropa Liqasının II təsnifat mərhələsində "Xəzər Lənkəran" böyük hesabla (0:8) "Makkabi"yə məğlub olmuşdu... Həmin oyunun iştirakçısı kimi bu matç haqda nə söyləmək istərdin?
- Bu, futboldur. Qol vurmaq şansın varsa və yararlanmırsansa, məğlubsan. Həmin oyunda bir qol vurmaq imkanım vardı. Bəzən oyunda nə baş verdiyini bilmirsən. Müdafiədə səhvlər ola bilər və ya diqqətini oyuna verə bilmirsən. Futbol belədir. Həmin vaxt "Xəzər Lənkəran"ın avrokubok təcrübəsi yox idi. Bu böyük problem idi. "Makkabi"nin isə komandası böyük idi, təcrübəsi vardı. İsrailə "Makkabi" ilə oynamağa gedəndə mənə dedilər ki, "müsəlman olduğun üçün İsrailə getmə".
- Azərbaycanda çıxış etdiyin dönəmdə başına gələn ən maraqlı hadisə nə olub?
- Belə bir maraqlı hadisə olmuşdu. "Xəzər Lənkəran"da mənə dedilər ki, oruc tutma. Müsəlman olduğum üçün Ramazan ayında oruc tuturdum. Deyirdilər ki, yeməlisən ki, yaxşı məşq edəsən, futbol oynayasan. Rəhbərliyə dedim ki, mümkün deyil, müsəlmanam, orucumu tutacam. İstəyirsinizsə, müqaviləyə xitam verin (gülür). Təbii ki, sonradan oruc tutmağımla barışdılar.
- Səncə, Azərbaycanda futbolun inkişafı üçün nə etmək lazımdır?
- Bütün klublar uşaq futboluna diqqət verməlidir. Azərbaycan futbolundakı problem gənclərə qayğı göstərməməsidir. Milli komandanın yaxşı çıxış etməsini istəyirlərsə, azərbaycanlı futbolçular yetişdirməlidirlər. Legioner yox, braziliyalı yox, mərakeşli yox. Azərbaycanlılar üçün futbol məktəbi yaradılmalı, yaxşı məşqçilər gətirilməlidir. Liqa yaxşı olandan sonra milli komanda da düzələcək. Bu ölkəni, şəhəri, insanlarını sevirəm. Azərbaycan futbolunun inkişafını ürəkdən arzulayıram.
Günay Xəlil
Bizi Teleqramda izləyin!