“Bugünkü görüşün əsas məqsədi Şamaxı yeni inşa olunan stadionla tanışlıqdır”.

Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında  AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

 

- AFFA-nın baş katibi postuna strateji baxımdan köməyiniz nə olacaq?
- Bildiyiniz kimi, gündəmin önəmli xəbərlərindən biri də Elxan Məmmədovun FIFA-da vəzifəyə təyin olunması idi. Hesab edirəm ki, Elxan müəllim yeni vəzifəsində Azərbaycan futbolunun inkişafına köməklik göstərəcək. O ki qaldı suala, mənim qarşıma da müəyyən məqsədlər qoyulub. Əsas məqsəd futbolun, futzalın, çimərlik futbolunun inkişafı strategiyasını davam etdirməkdir. Gündəmdə VAR sisteminin tətbiqi məsələsi var. Planımız bunu fevralda tətbiq etmək idi, alınmadı. Bu işi axıra qədər mütləq çatdırmalıyıq. Son elementlər gedir. Yoxlama görüşlərində sınaqdan keçirildi. Normalda VAR sisteminin ölkələrdə işə salma prosesi var. Bəzi ölkələrdə il yarım vaxt lazım olur, bəzi ölkələrdə iki il. Əsas qayda tətbiqdən əvvəl 28 oyunun keçirilməsidir. Plan belədir ki, oyunlar əsasən U-17 və U-19-la arasında keçirilsin. Əsas hədəf odur ki, artıq 28-ci matçda heç bir problem olmasın.
Həmçinin lisenziyalaşdırılma məsələsi gündəmdədir. İki klubun Premyer Liqaya buraxılması müzakirə olunur. Hər hansı bir fors-major olmasa, növbəti mövsümdən çempionatda 10 komanda görəcəyik.

- Elxan Məmmədovun dövründə əsas uğurlar təşkilati işlərdə oldu. Siz təşkilati baxımından uğura çalışacaqsınız, yoxsa milli komandanın nəticələrində?
- Tədbirlərin keçirilməsində Elxan müəllimin, AFFA rəhbərliyinin, dövlətimizin əməyi danılmazdır. Elxan müəllim düşünmürdü ki, yarışları təşkil edək, millinin oyunları kölgədə qalsın. Hər iki sahədə işlər gedib. Milli komanda ilə bağlı da işlər görülür. Bəli, bəzi səbəblərdən əsas millidə ciddi uğurumuz yoxdur. Amma hər iki sahə ölkəmiz üçün vacibdir. Bütün fikri yığmaya yönəldib, təşkilati işi zəif görmək də düz olmaz. Mən birini digərindən fərqləndirməyəcəyəm.

- AFFA-dakı işlərə kim nəzarət edəcək?
- Elxan müəllim mayın 1-dən fəaliyyətə başlamalı, Fransaya yola düşməlidir. Həmin şöbənin işi əvvəllər FIFA-nın departamentində gedirdi. Sonradan qurum qərrgahlar yaratdı, onlardan biri də Parisdədir. Elxan müəllim də FIFA-nın işçisi olacaq. Digər məsələlər baş katibin səlahiyyətlərinə keçəcək. Ümumi idarəetmə sırf baş katibin səlahiyyətlərində olacaq.

- Siz baş katib vəzifəsinə təyin olunduqdan qısa müddət sonra Elxan Məmmədov FIFA-dan təyinat aldı. Bu, öncədən gözlənilirdi?
- Mən bu təyinatı son bir neçə gün ərzində öyrəndim. Bunlar bir-birinə bağlı olan məsələ deyil. Son günlərdə gələn təklifdir.

- Bölgələrdəki futbolun inkişafı nə kimi bir planınız var?
- “Şamaxı”nın “Neftçi” ilə oyunu zamanı gözəl ab-hava gördüm. 12-ci oyunçu faktoru da “Şamaxı”ya kömək oldu. Oyunda hiss olunurdu ki, “Şamaxı”nın birinci hissədə önə keçməsində azarkeş dəstəyinin böyük köməyi dəydi. Regionlarda futbolu inkişaf etdirmək lazımdır. Region Liqası matçlarını da izləyirik. Oradadakı ab-havadan da görünür ki, azarkeş amili böyük rol oynayır. Müəyyən layihələr var. 8 komandanın 10-a artırılması bu layihələrdən biridir. Gələcəkdə regionla bağlı başqa layihələrin olması ehtimalı da var. Bu gün üçün əsas məqsəd 2 klubun Premyer Liqaya gəlməsidir. Ümumi məlumata əsasən görünən odur ki, bunlar “Turan Tovuz” və “Kəpəz” olacaq. Hazırda sənədlərin verilməsinə əsasən görünən durum budur. Mayın ortalarında Lisenziyalaşdırma Komissiyası yığılacaq. Orada məlum olacaq ki, bu iki klub Premyer Liqaya hazırdır, ya yox.

- Hakimliklə də məğul olmusuz. Sizcə, hakimlik üçün əsas kriteriya nə olmalıdır?
- Bəli, hakimlik etmişəm. Elə vaxt olub ki, Əliyar Ağayevlə hakimlik etmişəm. Özümü daha çox yan xətt hakimi kimi rahat hiss edirdim. Əsas məsələ qətiyyət və kənarda olanları eşitməməkdir. Hakim ilk dəqiqədən səsə fit verməyə gedirsə, axıra qədər belə olacaq. Bəlkə də, mənim də başıma belə hadisə gəlib. Qərarın üstündə sona kimi dayanmaq vacibdir. Bugünlərdə VAR söhbəti gündəmə gəlib. İndi hakim qərar versə belə, VAR-dakılar qərarı dəyişdirə bilirlər. Baş hakim də öz səhvini düzəldə bilir. Bu üzdən əvvəlki illərlə indini müqayisə etmək çətindir. Məncə, VAR sistemi lazımlı addımdır. UEFA və FIFA vaxtında buna getdi. 2018-ci ildəki dünya çempionatında bu sistem, bəlkə də, çempionun taleyini dəyişdi. Almaniya məhz VAR-a görə qrupda qaldı. Almanlar həmin vaxt qrupdan çıxsaydılar, bəlkə də, çempion olacaqdılar.

- Uğursuzluq olduğu zaman uşaq futbolu yada düşür. Buna aid planınız necədir?
- Əsas məsələ liqaların davamiyyətinin təmin olunmasıdır. Liqa olmasa, bu, mümkün deyil. Hazırda davamiyyət normal gedir və dayana bilməz. Bu, bir az texniki sahəyə aiddir. Həmçinin lisenziyalaşdırılma prosesində belə bir məsələ var ki, yüksək liqada oynamaq istəyən klubların mütləq aşağı yaş qrupundan ibarət komandaları olmalıdır. Bu kriteriya heç bir halda dəyişdirilə bilməz. Hansısa yüngülləşdirmə olsa, bəzi komandalar aşağı yaş qrupu komandalarını ləğv edə bilər.

- Bu, qadın və futzal komandalarına da şamil etmək olar?
- UEFA bununla bağlı bizi məlumatlandırıb. Ali qurum öz turnirlərindəki  iştirak üçün bunu tətbiq edir. Bizdə də bu, 2023/24 və ya 2024/25 mövsümündən həyata keçiriləcək. Bu, Yüksək Liqada iştirak edən komandalara da aid olunacaq.