Anatole Abanq “Keşlə”dəki çıxışı ilə xüsusi diqqət mərkəzindədir.
Rəqib müdafiəçilərin çoxu onun əlindən cana gəlib. Çünki kamerunlu hücumçu hər an onları təxribata çəkə bilər. Bundan əlavə, azərbaycanlı xanımla ailə həyatı qurması da Abanqı ölkəmizdə kifayət qədər məhşurlaşdırdı. Bu məsələləri nəzərə alıb, “qırmızı-ağlar”ın hücumçusu ilə görüşdü. “Keşlə”nin forvardı ilə Azərbaycandakı həyatından, ailə münasibətlərindən, futbolçu karyerası ilə bağlı söhbətləşdik...
- Milli mentalitetimizə uyğunlaşa bilərsənmi?
- Azərbaycanlılarla afrikalılar arasında heç bir fərq yoxdur. Oynadığım hansısa xarici ölkədə uyğunlaşma problemi yaşamamışam. Hər şey yaxşıdır.
- Həyat yoldaşın Adelia xanımla necə tanış olmusunuz?
- Azərbaycana 1 il bundan öncə "Şerif"in heyətində Çempionlar Liqasında "Qarabağ"a qarşı matç üçün Bakıya gəlmişdim. Burada Adelia ilə tanış oldum Həmin vaxtdan münasibətimiz yarandı. "Keşlə"yə keçəndən sonra bu əlaqəmiz daha da artdı.
- Növbəti mövsümdən hazırkı çıxış etdiyin "Keşlə" klubunun adı dəyişdiriləcək və Şamaxını təmsil edəcək. Həmin klubda çıxış etmək istəyərsən?
- Mənim üçün heç bir fərq yoxdur. Əsas rəhbərliyin verəcəyi qərar olacaq. Razılaşma olarsa, qalaram.
- "Keşlə"nin hazırkı durumundan razısan?
- Xeyr! Aşağı yerlərdə olmağımız heç də yaxşı deyil. Mən öz klubumu burda görmək istəmirəm. Bu, komandadakı futbolçulara mənfi təsir edir. Biz daha çox çalışmalıyıq. İnanıram ki, qış fasiləsinə kimi 3 oyunmuzda yaxşı nəticələr əldə edəcəyik. Mövsümün sonunda yüksək pillələrdə qərarlaşacağımıza əminəm.
- “Keşlə”yə gələndə demək olar ki, bütün qol şanslarını qaçırırdın. Hətta buna görə tənqid də olundun. Həmin dövrü necə xatırlayırsan?
- Yeni ölkə və çempionat olduğuna görə, bir müddət uyğunlaşma prosesi oldu. Amma indi görürsüz ki, çox oyunlarda fərqlənməyi bacarıram.
- Hazırkı klubun Azərbaycan kubokunun son qalibidir. Yenidən bu nailiyyəti qazanacağına inanırsan?
- Əlbəttə! Biz kubokun qalibi olacağıq.
- Premyer Liqanın son turunda “Qarabağ”a 0:1 hesabı ilə məğlub oldunuz. Bunun səbəb nə idi?
- "Qarabağ"la matçdakı məğlubiyyət tək biz futbolçulara yox, komandada işləyən bütün işçilərə təsir etdi. Düşünürəm ki, bu oyunda qorxaq futbol oynadıq. Müdafiəyə daha çox diqqət yetirdik. Amma ikinci hissədə yaxşı çıxış etdik. Lakin vaxt çatmadı. Bizim heyətimizdə yaxşı oyunçular var. İnanıram ki, bundan sonrakı qarşılaşmalarda yaxşı nəticələr əldə edəcəyik.
- Premyer Liqamızdakı hakimlər barədə nə deyə bilərsən?
- Bu haqda danışıb, meydanda problem yaşamaq istəmirəm. Onlar da öz işlərin görürlər.
- Komandada ən yaxın dostun kimdir?
- Merab Qiqauri və Omar Qudiabi ilə çox yaxşı əlaqələrimiz var.
- Sabiq komandan "Şerif" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Burada "Şaxtyor"u ( Donetsk) və böyük sürprizə imza ataraq "Real"ı ( Madrid) məğlub etdi. Hazırda klubda çıxış edən oyunçulardan tanıdığın var?
- Demək olar ki, hamısı ilə əlaqəm var. Onlar mənim ailəm kimidir.
- Keçən mövsümkü "Şerif"in heyətində "Qarabağ"la matçda sən Tiraspol təmsilçisinin ən təhlükəli futbolçusu sayılırdın. Həmin görüşü necə xatırlayırsan?
- Bu matçda məşqçimiz mənə çox güvənirdi. Ətrafımda məni topla təmin edəcək yaxşı oyunçularımız var idi. Xatırlayıram ki, qarşılaşmadan 2 gün əvvəl komanda ilə birgə söhbət etdikdə, "Qarabağ"ı Bakıda məğlub eləyə biləcəyimizə inandığımızı söyləşmişdik. Oyun yaxşı gedirdi. Təəssüf ki, birinci hissədə qırmızı vərəqə aldım. Bu da komandanın oyun planına təsir etdi. Bütün hücumlar mənim üzərimdə qurulmuşdu. Əgər o matçda qırmızı vərəqə almasaydım, biz "Qarabağ"a qalib gələcəydik.
- Kamerun millisindən təklif gəlir?
- Bəli. Amma qəbul etmədim.
- Niyə?
- Bəzi səbəblər var.
- Açıqlaya bilərsən?
- Xeyr!
- Kamerun futbol tarixinə adını yazdırmış Samuel Eto ilə şəxsi tanışlığın var?
- Əlbəttə, əlaqəmiz var. Hətta Eto mənə zəng edib, yenidən milliyə nə vaxt qayıdacağımı soruşmuşdu. Mən isə tam hazır olmadığımı demişdim.
- Az müddət deyil ki, ölkəmizdəsən. Azərbaycan dilində sözlər bilirsənmi?
- Ən çox məişət daxilində işlənən sözləri yaxşı bilirəm.
- Bizim üçün Azərbaycan dilində 1-2 söz deyə bilərsən?
- Əlbəttə! “Qardaş, necəsənsən? Nə olub?
CAVİD ƏLİYEV



