Millinin son 3 oyunda məğlub olması ölkə futbol ictimaiyyətini yerindən tərpətdi. Qəzəbli statuslar, əsəb dolu açıqlamalar, gələcəyə bədbin baxış...

Bir şeyi anlamalıyıq ki, illərdir görməyə alışdığımız üzücü yenilgilər bu cür də davam edəcək. Çünki futbolçuların təməli düzgün formada qurulmayıb, bundan artığını etməyə gücləri çatmır. Uşaq futbolunun inkişafına yanaşma dəyişməlidir, futbolçular legioner həyatı yaşamalıdır, Premyer Liqa iştirakçılarının sayı artırılmalıdır, futbol paytaxtdan bölgələrə daşınmalıdır, Birinci Dəstədən elitaya komandaya yüksəlməlidir. Bunlar olmadan yığmanı əvvəlkitək miskin durumda görməkdən başqa çarə qalmayacaq.

Futbolun özülü dediyimiz uşaq futboludur. Həmin sahə ki, ordakı problemləri saymaqla qurtarmaz. İllərdir uşaq futbolunda çalışanlar, bu təsərrüfatda tər tökənlər çətinliklərin nədən ibarət olduğunu, məlum durumdan çıxmağın yollarını yaxşı bilir.

Odur ki, bu dəfə həmsöhbət qismində təcrübəli jurnalist, həm də yeniyetmə futbolçu Süleymanın atası Kənan Həsənovla söhbətləşməyi qərara aldıq.

- Həm idman jurnalistikasının Məkkəsi sayılan “Futbol+” qəzetinin redaktoru, həm də futbolçu atasısınız. Öncə övladınız haqda müəyyən bilgiləri eşitmək istərdik.

-Oğlum Süleyman Həsənov 2012-ci ildən, yəni 6 yaşından futbolla məşğuldur. Həmin ili topla ilk təmas, tanışlıq da adlandıra bilərik. İlk məşqçisi müxtəlif yaş qrupları üzrə yığmalarda oynamış, hazırda isə Almaniyada yaşayan Nəbi Xanciqazov olub. Sonradan Vüsal Rüstəmov, Elvin Həsənov və Araz Bağırovun rəhbərliyi altında top dalınca qaçıb. "Qarabağ"ın heyətində Azərbaycan çempionatının qalibi və mükafatçısı olub. 2019-cu ildə Şahin Şahhüseynlinin çalışdırdığı "Neftçi" İK-ə keçib. 2020-nin yayından isə "Sabah"ın qapısını qoruyur.
- Uşaq futbolundakı problemləri saymaqla qurtarmaz. Maraqlıdır, ən ciddi problem kimi nəyi göstərə bilərsiniz?

- Problemləri saymaqla qurtaran deyil. Aşağı yaş qruplarında peşəkarlıq lazımi səviyyədə deyil. Söhbət təşkilati məsələlərdən və məşq prosesinə yanaşmadan gedir. Premyer Liqa klublarının aşağı yaş qruplarında bu yöndə vəziyyət nisbətən yaxşı olsa da, digər komandalarda arzuolunmaz səviyyədədir.  Həvəskar yanaşma, münasibət uşaq futbolunun canına, qanına hopub. Ən əsas bəla da məhz budur.
- Uşaq futbolunun məqsədyönlü inkişafı üçün nələr dəyişməlidir?

IMG 3281

- Həvəskar yanaşmaya son qoyulmalıdı. Uşaq futbolu təməl deməkdi. Bu işlə məşğul olanlar bunun fərqinə varmalıdırlar.  Həvəskar yanaşma, günü yola verməklə futbolçu yetişdirmək mümkün deyil. Halbuki Azərbaycanda istedadlı uşaqlar kifayət qədərdi.
Valideynlərin məşq prosesini kənardan izləmələrinə birdəfəlik son qoyulmalıdır. Uşağın fikri yayınır, hər uğurlu və ya uğursuz hərəkdən sonra gözü kənarda dayanan valideyni axtarır. Onun necə reaksiya verəcəyini gözləyir. İnanın ki, çox dərin mövzudur və bu haqda saatlarla yox, günlərlə danışmaq olar.
- Sizi bildik, bəs uşağın özü məşq və oyunlarla bağlı nələrdən şikayətlənir?

- Bununla bağlı dəqiq nəsə deyə bilməyəcəyəm. Çünki son 2-3 illdə məşqləri və oyunları izləməməyi üstün tuturam. Əvvəl əlindən tutub məşqə aparırdımsa,  bir neçə ildi bunu da etmirəm. Sərbəst olsun, fikri kənarda qalmasın, valideynin yox, məşqçinin reaksiyasına fikir versin. "Sabah"a keçəndən sonra məşq və oyunla bağli hansısa narahatlığını eşitməmişəm. Bəlkə də olub, sadəcə, mənimlə bölüşməyib. Əslində belə yaxşıdı və olmalıdı.

IMG 3282
- Əsas bəlalardan biri də uşaq komandalarında nəticənin tələb olunmasıdır. Məhz bu məqam istedadlı, lakin nisbətən cılız, çəlimsiz uşaqların kənarda qalması ilə nəticələnməkdədir. Razısınız?

- Təmamilə razıyam. Bu da çox dərin mövzudur. Uşaq futbolunun ən böyük problemlərindən birinə gəlib çatdıq. Amma bu məsələdə yalnız məşqçiləri qınamaq da insafsızlıq olar. Çünki elə klublar var ki, zəif nəticələrə görə məşqçini qovur. Bu üzdən məşqçi də çalışır ki, nəticə qazanıb rəhbərliyin "gözūnə girsin". Belə olan halda isə əsas iş, vəzifə arxa plana keçir. Nəticə dalınca qaçan klub rəhbərləri məşqçilər səviyyəli futbolçu yetişdirə bilməz. Məhz bunun nəticəsidir ki, valideynlər kənarda dayanıb, kovrəlmiş halda məşqçiyə baxaraq şans diləyən uşağını futboldan uzaqlaşdırır. Kim bilir, bəlkə də məhz küskünlərin arasında gələcəyin ulduzları var? Dəfələrlə şahidi olmuşam, komandası 4-5 top fərqiylə ondə olan bəzi məşqçilər əvəzləmə etməkdən qorxub. Rəqib təslim olub bütün uşaqlara şans versə də, bu, son 5 dəqiqəyə kimi tərpənməyib. Bilirsiniz, bu iş peşəkar yanaşmadan da öncə sevgi tələb edir. İşini, uşaqları sevməlisən. Elə uşaqlar var, istedadları gec alır. Deməli, həm də səbir lazımdı. Ūmumiyyətlə, məşqçi həm də pedaqoq, psixoloq olmalıdır. Bütün problemlərin həlli akademiyalardan keçir. Uşaq gün ərzində nəzarət altında olmalıdır. Yeməyə, içməyə, yatmağına fikir veriləlidi. Yoxsa məşqdən çıxdısa, artıq sənin deyil. Hara getdi, nə yedi, nə vaxt yatdı... Azərbaycan futbolunun xilas yolu birmənalı olaraq işini, uşaqları sevən peşəkarların çalışdığı Futbol Akademiyalarının yaradılmasındadır. İllərdir imitasiya ilə məşğul olduğumuza görə 1 addım irəli gedə bilmirik. Bir sözlə, Bakı da daxil olmaqla, futbola maraq olan butun bolgələri "akademiyalaşdırmaq" lazımdı. AFFA-da oturanlar gecə-gündüz yatmayıb bu işlə məşğul olsalar, nəticəsini gələcəkdə görəcəyik.

HƏBİB

e7ae665f dc16 4d48 a28c 15bac88cdf8a