Koronavirus pandemiyasına görə, təxirə salınan və yenidən bərpa olunan Super Liqada ilk oyununa çıxan "Qalatasaray" "Çaykur Rizəspor"a 0:2 hesabı ilə uduzdu.
Offsideplus.az xəbər verir ki, bununla belə, "Cimbom"a Fernando Muslera və Florin Andone kimi əsas futbolçularının zədələnməsi də böyük zərbə oldu. Ayağı qırılan Musleranın 6-8 ay arası yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Andone isə cari mövsümü erkən bitirməli oldu.
Bunun ardınca İtaliya mətbuatında "Qalatasaray"la bağlı yeni transfer xəbəri yayılıb. "Sportpress24"ün yazdığına görə, İstanbul təmsilçisi Yunanıstanın PAOK klubunda forma geyinən 16 yaşlı türk əsilli Alpaslan Tahsinlə yaxından maraqlanır. Avropanın bir sıra məşhur klublarının da hədəfində olan və "Yeni Ronaldo" adlandırılan gənc futbolçunun "Qalatasaray"a keçməsi daha real görünür. Baş məşqçi Fatih Terimin sözügedən oyunçunun alınması üçün rəhbərliyə müraciət etdiyi bildirilir.
Ötən mövsüm 24 qol vurub, 30 məhsuldar ötürmə verən gənc istedadla "Borussiya"(Dortmund), "Yuventus" və "İnter" kimi klublar da yaxından maraqlanır.