Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasın gündəliyinə əsasən, üç məsələ müzakirə edilib.
Əvvəlcə AİJF-nin fəaliyyətə başlamasından ötən 100 günə nəzər salınıb. Federasiya prezidenti Qabil Mehdiyev ötən 100 gün ərzində görülmüş işlər barədə hesabat xarakterli məlumat verib. O
Həmçinin qeyd edilib ki, federasiya rəhbərliyi bu müddət ərzində gördüyü işlərlə bağlı mətbuatda mütəmadi olaraq, məlumat xarakterli çıxışlar edib. Eyni zamanda indiyədək 102 nəfər idman jurnalisti federasiyaya üzvlük üçün müraciət edib və onlardan 75-nə müsbət cavab verilib.
İdarə heyəti üzvləri görülən işləri qənaətbəxş hesab edib və federasiyanın qısa müddət ərzində göstərdiyi fəaliyyəti yüksək qiymətləndiriblər.
Gündəliyə əsasən, növbəti məsələyə - “Neftçi” PFK-nın və “Keşlə” PFK-nın AİJF-yə müraciətlərinə baxılıb, Etika Komissiyasının qeyd edilən məsələlərlə bağlı hesabatı dinlənilib. Klublardan daxil olan müraciətlərdə qeyd edilib ki, “Sportinfo.az” saytı “Neftçi” rəhbərliyi haqqında dəfələrlə etik qaydalara sığmayan, şər-böhtan xarakterli, “Keşlə”nin maliyyə fəaliyyəti haqqında isə həqiqətə uyğun olmayan məlumatlar yayır. AİJF tərəflərlə əlaqə saxlayaraq onların kompromisə gəlmələrinə çalışsa da, sayt rəhbərliyinin məsələyə soyuq yanaşması səbəbindən nəticə əldə olunmayıb.
Sonra məsələ İdarə Heyəti üzvlərinin müzakirəsinə təqdim edilib və yekunda bununla bağlı federasiyanın bəyanat verməsi qərara alınıb.
İclasın gündəliyinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birgə, jurnalistlər arasında vebinarın təşkili məsələsinə də baxılıb. İdarə Heyətinin üzvü, Tədbirlərin Təşkili Komissiyasının sədri Elşən Məmmədov vebinarın əhəmiyyəti, keçirilmə qaydaları və bu işdə AİJF-nin üzərinə düşən məsələlər barədə məlumat verib. Müzakirələrdən sonra AMADA ilə birgə tədbirin keçirilməsinə dair qərar qəbul edilib.