“Sumqayıt" klubu 2019-cu ilin maliyyə hesabatını açıqlayıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi ili 2,4 milyon manat zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il Klub 395 min manat gəlir əldə edib. "Sumqayıt" sponsor, reklam və biler satışı hesabına gəlirləri 27,4% azalaraq 291 min manat, sair gəlirləri isə 90,8% azalaraq 104 min manat olub.
Hesabat dövründə Klubun xərcləri isə illik müqayisədə 3,8% çox – 2,8 milyon manat təşkil edib. O cümlədən qurumun əmək haqqı və mükafat xərcləri 1,8 milyon manat (14,9% çox), əsas vəsaitlərinin amortizasiyası üzrə xərcləri 17 min manat (4,25 dəfə çox), sair xərcləri isə 922 min manat (14% az) olub.
Bu il yanvarın 1-nə Klubun aktivləri 179 min manat təşkil edib. Hesabat dövründə qurumun öhdəlikləri 18,1% artaraq 13,114 milyon manata, balans kapitalının çatışmazlığı isə 22,6% artaraq 12,9 milyon manata çatıb.