"Kəpəz"in kapitanı Yusif Nəbiyev Offsideplus.az-a müsahibə verib.

 - Dünən evdə "Səbail" üzərində vacib qələbə (1:0) qazandız. Təəssüratların necədir?

- Bizim üçün çox vacib oyun idi. Bu qarşılaşmaya final matçı kimi baxırdıq. Şükür Allaha ki, qələbə bizim oldu.

- Meydançanın ot örtüyünün durumu bərbad idi. Bu, oyununuza necə təsir etdi?

- Stadionla bağlı əlimizdən heç nə gəlmir. Bu gün vəziyyət belədir, amma gec-tez hər şey yoluna düşəcək. Biz onsuz da, burada məşq etmirik. Yəni, rəqiblərlə bizdə eyni vəziyyətdir.

- "Kəpəz" kimi tarixi olan bir klub belə bir meydançada oynamağa layiqdir?

- Əlbəttə ki, bu, "Kəpəz" kimi kluba yaraşmır. Amma heç nə birdən-birə olmur. Baza da artıq istifadəyə verilməyə hazırdır, bir şey qalmayıb. Bircə stadion problemimiz qalır ki, bu da zamanla düzələcək, belə qalmayacaq. Səbirli olmaqdan başqa çarə yoxdur.

- Mövsümün bitməsinə 8 tur qalıb. Səncə, "Kəpəz" Premyer Liqada qalacaq?

- Elitada qalmaqçün dəridən-qabıqdan çıxırıq. Gəncə şəhərini təmsil edən klub hər zaman yüksək liqada olmalıdır. Bu şəhərə futbol yaraşır, insanlar futbolu sevirlər. 

- İki aydır ki, AFFA tərəfindən maaşlarınız köçürülmür...

- Bəli, gecikmə var. Amma hər şey pulla, maaşla ölçülmür. Puldan da dəyərli şeylər var. Gec-tez məvaciblərimiz də köçürüləcək. Biz sadəcə gələcəyimizi düşünürük.

- Bizdə olan məlumata görə, klubun İdarə Heyətinin sədri İlqar Nadirinin öz cibindən futbolçulara pul verib. Doğrudur?

- Bəli, İlqar müəllim komanda üzvlərinə müəyyən miqdarda pul verdi. Sağ olsun ki, bizi düşünür, vəziyyətin düzəlməsinə çalışır. Sponsorumuz yoxdur deyə, bu cür çətinliklər yaranır. Amma zamanla hamısı düzələcək.

- Yayda "Kəpəz"lə müqavilən bitir. Sözləşməni yeniləməyi düşünürsən?

- Hazırda qarşıdakı 8 turu fikirləşirəm. İnşallah, komandanı elitada saxlamağı bacaraq, sonrasına baxarıq. 

- Millinin baş məşqçisi Canni de Byazinin yığmanın Avro-2024 matçları üçün "Kəpəz"dən heç bir futbolçuya dəvət göndərməməsini necə qarşıladın?

- Bəli, bizdən heç bir futbolçu çağırılmadı. Amma buna baxmayaraq, heç kim həvəsdən düşmədi. Qarşıdakı oyunlar üçün ümid edirəm ki, ən azından 1 nəfər də olsa çağırılacaq.

Offsideplus.az