Ötən gün UEFA Millətlər Liqasının C Liqasının I qrupu üzrə baş tutan Slovakiya - Azərbaycan oyununun (2:0) ən yaddaqalan və xatırlamağa dəyər epizodu matçdan əvvəl himnimizin canlı ifa olunması idi. 

Karen Danger-Manafzadə Mərkəzi Avropa ölkəsindən səsləndirdiyi Azərbaycan Respublikasının Himni ilə oyunu həm stadiondan, həm də ekran qarşısından izləyən azərbaycanlı və slovakiyalı azarkeşlərin könlünü fəth etdi. 

Alman-kuba əsilli 27 yaşlı vokalist Offsideplus.az-a müsahibəsində himni oxumaq üçün ona gələn təklifdən, himn səslənəndə nəinki azərbaycanlı, hətta slovakiyalıların göz yaşlarına qərq olmasından, azərbaycanlı ailəsinə gəlin köçməsindən və dəstəklədiyi komandadan bəhs etdi. Müsahibəni təqdim edirik:

–  Zəhmət olmasa, oxucularımıza özünüzü təqdim edərsiniz. Karen Danger-Manafzadə kimdir?

–  Adım Karen Danger-Manafzadədir. Mən alman-kuba əsilli vokalist və aktrisayam. Almaniyada böyümüşəm, orada balet və rəqs təhsili almışam. 19 yaşımda Vyanaya köçdüm və burada konservatoriyada klassik operetta, musiqili teatr və aktyorluq üzrə təhsil aldım. Vyanada azərbaycanlı beynəlxalq müsabiqələr laureatı, pianoçu, bəstəkar, dirijor Abuzər Manafzadə ilə tanış oldum. O, məşhur dirijorları yetişdirən Vyana Musiqi və İncəsənət Universitetinin orkestr dirijorluğu fakültəsinə qəbul edilən və və iki il öncə buradan məzun olan ilk azərbaycanlıdır. Abuzər mənə Azərbaycan musiqisini öyrətdi, birlikdə beynəlxalq miqyasda konsertlər veririk. 

Musiqiçi ailəsinə gəlin gəldiyim üçün çox minnətdaram. Dediyim kimi, həyat yoldaşım məşhur pianoçu, bəstəkar və dirijordur, qayınatam İslam Manafov isə Azərbaycanın əməkdar artisti, Moskva Çaykovski adına Konservatoriyanın məzunu, dünya şöhrətli pianoçudur. Qayınanam Şükufə Manafova isə İstanbuldakı məşhur piano müəllimlərindəndir. Sevgili baldızım Turan Manafzadə də Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu, Azərbaycanın ilk xanım dirijorlarından və bəstəkardır. Biz ailəliklə beynəlxalq arenada konsertlər veririk və onlardan Azərbaycan musiqisini öyrənmək fürsətim olub.

–  Hazırda harda fəaliyyət göstərirsiniz? 

–  Hazırda solist kimi konsertlər verirəm. Həmçinin həyat yoldaşımla birlikdə də konsertlərdə iştirak edirəm, bundan əlavə, aktrisa kimi film və reklam layihələrində yer alıram. Hazırda Motsartın "Sehrli fleyta" operasına hazırlaşıram. Premyerası bu il Avstriyanın Klagenfurt şəhərində “Konzerthaus”da gerçəkləşəcək. Mən Paminanın rolunu ifa edəcəyəm, həyat yoldaşım Abuzər isə musiqi rəhbəri olacaq. İfa Steffanie Mayerin yeni rejissurasındadır.

–  Daha öncə futbol yarışında və ya idman yarışlarında Azərbaycan himnini səsləndirmişdinizmi? 

–  Artıq dəfələrlə Azərbaycan himnini ifa etmək şərəfinə nail olmuşam. Ailəm və mən həmçinin Cənab Prezident İlham Əliyev və Cənab Prezident Rəcəb Tayyib Ərdoğan üçün TANAP layihəsinin açılış mərasimində konsert vermək şərəfinə nail olmuşuq. Ancaq ilk dəfə idi ki, himni bir idman tədbirində səsləndirdim. Gələcəkdə idman tədbirlərində himnimizi təkrar səsləndirmək üçün daha çox dəvət almağı səbirsizliklə gözləyirəm.

–  Təəssüratlarınız necə idi? Stadionda az olsalar da, azərbaycanlı azarkeşlər də vardı, oxuyurdular...

–  Tamamən dolu stadionda mahnı oxumaq mənim üçün unudulmaz bir təcrübə idi. Oyun Slovakiyada olduğundan, orada çox az azərbaycanlı azarkeş var idi, amma himni qürurla oxuyarkən dünyadakı və stadiondakı bütün azərbaycanlı tamaşaçıların dəstəklərini hiss edə bildim. Futbol azarkeşləri mənimlə birlikdə çox gur və qürurla himni oxudular və UEFA-dan eşitdim ki, mən oxuyanda hətta slovakiyalı tamaşaçıların belə gözlərində yaş var idi. Bu mənim üçün çox böyük qürurdur!

Musiqinin və idmanın ən gözəl cəhəti odur ki, o, insanları bir-birinə bağlayır, hətta onlar eyni dili bilməsələr belə.

–  Himni səsləndirmək təklifi sizə necə gəldi? Azərbaycan Futbol Federasiyası Assosiasiyasından müraciət olunmuşdu, yoxsa slovakiyalılardan?

–  Slovakiya Futbol Federasiyası Slovakiyadakı Azərbaycan səfiri Cənab Vüsal Abdullayevə kim Azərbaycan himnini oxuya bilər deyə müraciət edib. Cənab səfir isə mənim həyat yoldaşım Abuzər Manafzadəyə bu barədə sual verib. Mən artıq dəfələrlə himni oxumaq şərəfinə nail olduğum üçün, yoldaşım da məni bu iş üçün uyğun ad kimi təklif edib. Bu, Slovakiyadan Azərbaycana çox gözəl bir jest idi ki, Azərbaycan himnini canlı ifa etməyə icazə verdilər.

–  Azərbaycan dilində yaxşı danışa, yaza bilirsiniz. Necə öyrənmisiniz? Başqa hansı dilləri bilirsiniz?

–  Mən dörd dildə danışıram: alman, ingilis, ispan və Azərbaycan dili. Amma təbii ki, Azərbaycan dilimi daim təkmilləşdirməyə çalışıram. Azərbaycan dilini öyrənmək mənim üçün böyük bir sınaq idi, həyat yoldaşım mənə çox kömək etdi və dil müəllimi Yeganə Balamadovadan özəl dərslər aldım.

–   Hansı klubun azarkeşisiniz?

 Mən həm musiqinin, həm də idmanın pərəstişkarıyam. İdmanın ən gözəl cəhəti musiqi kimi insanların birliyini və əlaqəsini təmin etməsidir. Mənim sevimli bir komandam yoxdur, çünki bütün futbol klublarının ağır işlərini yüksək qiymətləndirirəm. Amma ailəmiz “Qarabağ” və “Qalatasaray” komandalarının azarkeşidir. Hətta baldızım Turan Manafzadə “Qarabağ” klubu üçün marş bəstələdi və milyonlarca azarkeş tərəfindən sevildi. 

–  Suallarımızı elə Azərbaycan dilində cavablandırdığınız üçün çox sağ olun. 

–  Müsahibə üçün çox təşəkkür edirəm.