"Qəbələ"nin legioneri müsahibə verib.

Offsideplus.az xəbər verir ki, Nikolas Raysel "Footmercado" nəşrinə müsahibəsində keçmişi ilə yanaşı, hazırkı durumu barədə də söz açıb: "2019-un qışı idi. Həmin vaxt mənimlə Belçika ikinci liqasından maraqlanırdılar. Fransadan heç bir təklifim yox idi. Halbuki 3 il əvvəl Fransanın ikinci liqasında ən yaxşı oyunçu seçilmişdim. İnsanlar məni bir az unutmuşdular. Mühiti dəyişmək istəyirdim. Dostum Abdelrafik Jerar "Qəbələ" ilə müqavilə bağlamışdı. O, klub rəhbərliyinə haqqımda məlumat verdikdən sonra gəlməyimi istədilər. Mənim də istədiyim inam, oyun şansı və yeni başlanğıc idi. Burada yeni başlanğıc üçün hər şey qaydasındadır".

Nikolas "Qəbələ"dəki ilk oyunların yaxşı alındığını deyib: "Başlanğıc çox yaxşı alındı: 4 oyunda 4 qol vurdum və məhsuldar ötürmə verdim. Lakin pandemiyadan sonra hər şey alt-üst oldu. Çempionat birdəfəlik dayandı və mövsüm erkən yekunlaşdı. Hər şeyə rəğmən, klubum müqaviləmi daha 1 il artırmağımı təklif etdi. Özümü burada yaxşı hiss etdiyimdən, sözləşməmi yeniləməyə qərar verdim. Artıq bir ildir burdayam və hər şey yaxşı gedir. Ardıcıl görüşlər keçirirəm, səhhətimdə və fiziki durumumda problem yoxdur. Öz oyunumla Avropa və digər qitələrin klublarının diqqətini cəlb edəcəyimə ümid edirəm. Fikrimcə, zədəyədək olan xüsusiyyətlərimi bərpa edə bilmişəm".

Təcrübəli oyunçu hazırda bütün təkliflərə açıq olduğunu söyləyib: "Bu və ya digər kluba, bu və ya digər ölkəyə tüpürə bilmərəm. Keçmiş istedadlı komanda yoldaşlarımdan bəzilərinin pandemiya ilə əlaqədar klubsuz qaldıqlarını, klubların büdcələrini və heyətlərini ixtisara saldıqlarını gördükdə deyə bilmərəm ki, tələbat böyükdür. Sabah Azərbaycandan yeni maraqlı təklif gəlsə, burda qala bilərəm. Avropa və hətta Fransa klubu maraqlansa, bütün variantları nəzərdən keçirərəm. Bu yay azad agent statusu alacam deyə, bəzi qapılar üzümə açıla bilər".