Güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev Offsideplus.az-a müsahibə verib.

30 yaşlı idmançı karantin günlərini necə keçirməsi və məşqlə bağlı yaranan çətinliklərdən danışıb.

- Karantin müddəti necə keçir?

- Boş vaxt çox olduğuna görə ailə ilə birlikdə vaxt keçirmək baxımından yaxşı oldu. Elə insanlar var ki, işlə bağlı ailə ilə çox maraqlana bilmirlər. Düşünürəm ki, bu karantin dönəmi onlar üçün çox yaxşı oldu. Digər tərəfdən, yolların bağlanmasına görə, yaxınlarından, ailələrindən uzaq düşən çox tanıdıqlarım var. Bunu, demək olar, hər gün düşünürəm və çox çətin bir şey olduğunu hiss edirəm. Bu mənə çox pis təsir edir. Həyat tərzinə gəlincə, çox gəzib-tozmağı xoşlamadığım üçün karantin gündəlik yaşamımda ciddi dəyişiklik yaratmadı.

- İnsanlar 2 hissəyə bölünüblər: koronavirusa inananlar və inanmayanlar. Siz inanırsınız?

- Virusun olduğuna inanıram, amma bu virusun ölüm sayına baxdıqda dünyanın bu ajiotajı mənə biraz qəribə gəlir. Xeyirlisi ilə bunu da atladarıq.

- ÜST-ün və Operativ Qərargahın tövsiyyələrinə riayət edirsiniz?

- Tövsiyələrə riayət etməyə çalışıram. Həm ictimai yerlərdə çox olmadığıma görə çox da gərək qalmır. Qapalı məkanlarda maskadan istifadə edirəm.

- Bəzi idman növlərində onlayn məşqlər olur. Sizdə məşq prosesi necə icra olunur?

- Bizim növdə onlayn məşqlər olmur. Bu virus bir çox sahəyə olduğu kimi bizə də çox ziyan verdi və verməkdə davam edir. Məşqlərimiz axsayır. Bizim idman növü elədir ki, həftənin 6 günü ara vermədən məşq olur. Bunun təlim məşq toplanışları zamanı gündə 3 məşqə qədər çoxaldığını da nəzərə alaq.  Bütün bunları və indi tam məşq edə bilmədiyimizi düşünəndə nə qədər gerilədiyimizi təsəvvür etmək çətin deyil. Mənim yaş qrupumda olan idmançılar kifayət qədər məlumatlıdırlar. Özlərinin nəyə ehtiyacı olduqlarını bilib, ona görə məşq edirlər. Formada qalmağımız üçün mövcud şəraitdə nəyi bacarırıqsa etməyə çalışırıq.

- Vəziyyətin uzun müddət davam edəcəyi gözlənilir. Gedişat uzansa, karyeranızı bitirə bilərsiniz?

- Düzü, karyeramı bitirmək haqqında fikirləşmirəm. Olimpiadaya qədər gözləyəcəm. Olimpiya Oyunlarından sonra karyeramı bitirməyi düşünürəm.

- Federasiya, məşqçilər heyəti ilə hansısa hazırlıq planı və ya məşqlərlə bağlı müzakirə olurmu?

- Federasiya və məşqçilər virusun və qadağaların yumuşalmağını gözləyirlər. Yarışlar təxirə salındığına görə hələki konkret bir plan yoxdur.