"Qəbələ"nin üzvü Yusif Nəbiyev Offsideplus.az-ın suallarını cavablandırıb.

- Futbolsuz günlərini necə keçirirsən?
- Vaxt keçmir. Aktiv həyata öyrəşən adamlarıq. Evdə insanın ürəyi partlayır. Futbol yox, məşq yox, adam bilmir, neyləsin ki, başını qatsın.

- "Qəbələ"dən başqa hamı koronavirus testindən keçdi? Siz niyə bunu etmədiniz?
- Bütün klubların hamısı testdən keçdilər. Biz hələ gözləmədəyik. Mənə görə məntiqli qərar idi. 2 dəfə xərcə düşməkdənsə, bir dəfə düşmək daha yaxşıdır. Futbolla bağlı qərar verildikdən sonra hamı kimi biz də testdən keçəcəyik. Ortada heç bir qərar yoxdursa, bunu niyə edək? Məşqlər nə zaman bərpa olunsa, çempionatın başlaması ilə bağlı qərar verilsə, biz də testdən keçəcəyik.

- Amin Seydiyev Premyer Liqadakı rəqiblərinizdən biri olan "Sabah"a transfer olundu. İndi növbə Rövlan və səndədir?
- Aminə uğurlar arzu edirəm. Yolu açıq olsun, daima səsi yüksəklərdən gəlsin. Sözün açığı mən öz oyunumu inkişaf etdirmək istəyirəm. Əməliyyatdan qayıtmışam, formamı bərpa edib, yaxşı oyun göstərməliyəm. Mənim hədəfim həmişə yüksək olub. Bacarıb-bacarmayacağımı zaman göstərəcək. Alınmasa da, dünya dağılmayacaq. Həyatdır da, razılaşıb, yoluma davam edəcəm.

- Əməliyyat olunmağına səbəb nə idi?
- 2 ilə yaxındır ki, zədəli oynayırdım. Daha doğrusu buna məcbur idim. Özüm belə istəyirdim, kimsə qarşıma şərt qoymamışdı. Düşünürdüm ki, əməliyyat üçün tezdir, oynamalıyam. Sadəcə son vaxtlar oynaya bilmədim. Ağrılar mənə mənfi təsir edirdi. Bunu başa düşdüm və rəhbərliklə razılaşıb, əməliyyat olundum. Sağ olsunlar ki, sağlamlığım üçün əllərindən gələni etdilər.

- Problem nədə idi?
- Çiynim öz-özünə çıxırdı, salırdım, oynayırdım, yenə çıxırdı (gülür). Elə oyun olub ki, 2 dəfə çiynim çıxıb, amma matçı axıra kimi davam etdirmişəm. Çıxmış çiyni salmaqda professionallaşmışdım.

- İndi əsas hədəfin "Qəbələ"də əsas heyətdə daim oynayıb, sonra başqa kluba transfer olunmaqdır?
- Sözün açığı əvvəlcə özümü klubuma sübut etməliyəm. "Qəbələ" ilə bağlı öz planlarım var. Bu komandada əsas heyətdə oynamaq üçün başqa yerlərdə çox əziyyət çəkmişəm. Bu gün "Qəbələ"dəyəm və burada uğur qazanmaq istəyirəm. Transfer məsələsində isə Premyer Liqada "Qarabağ"ı çıxmaq şərti ilə bütün klublar aşağı-yuxarı eyni səviyyədədirlər. "Qarabağ" 6-7 ildir ki, Azərbaycanın brendidir. Bu, faktdır. Heç kim mənim sözümdən inciməsin.

- Yəni, "Qəbələ"dən başqa Premyer Liqa ancaq "Qarabağ"da çıxış etmək niyyətindəsən?
- İndi əsas hədəfim "Qəbələ"də özümü sübut etməkdir. Gələcək haqqında indidən nəsə deyə bilmərəm. Yaşayıb, görərik.